Vaşinqton–Bağdad xəttində gərginlik: “ABŞ-yə bu, sərf eləmir”

Təhlil

27.01.2026 17:39

Vaşinqton–Bağdad münasibətlərində yeni gərginlik müşahidə olunur. 

Belə ki, ABŞ dövlət katibi Marko Rubio İraqın müvəqqəti Baş naziri Məhəmməd Əl Sudani ilə telefon danışığı zamanı Bağdadın gələcək siyasi kursu ilə bağlı açıq mövqe ortaya qoyub. Vaşinqton İranın təsiri altında formalaşacaq mümkün hökumətin, xüsusilə Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıdışının İraqın milli maraqlarına zidd olacağını bəyan edib.  


ABŞ tərəfi hesab edir ki, İranın nəzarətində olan siyasi idarəetmə modeli İraqın suveren qərarvermə imkanlarını məhdudlaşdıracaq, ölkəni regional münaqişələrin mərkəzinə çəkəcək və ABŞ–İraq tərəfdaşlığını ciddi şəkildə zəiflədəcək. Vaşinqtondan verilən bu mesaj faktiki olaraq suverenlik anlayışı ilə İranın İraq üzərində artan təsirinin bir-biri ilə uyğun gəlmədiyini ortaya qoyur.

Bəs Vaşinqtonun bu açıqlaması İraq üçün tövsiyə, yoxsa ultimatumdur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İraqda ötən ilin noyabrında keçirilən parlament seçkilərində 329 kreslo uğrunda aparılan mübarizədə hazırkı Baş nazir Məhəmməd Əl Sudaninin rəhbərlik etdiyi “Bərpa və İnkişaf” koalisiyası üstünlük qazanıb, şiə lider Nuri Əl Maliki isə 38 mandatla ikinci olub:


“İraq konstitusiyasına görə, hakimiyyət qolları dini məzhəb və milli müxtəlifliyə istinadən formalaşdırılır. Belə ki, Prezident mütləq kürd, parlamentin sədri sünni, Baş nazir isə şiə məzhəbindən olur. Keçmiş Baş nazir Nuri Əl Maliki nüfuzlu şiə liderlərindən biri hesab edilir və Tehran hakimiyyəti ilə yaxın münasibətləri ilə tanınır”.

Politoloqun sözlərinə görə, indiki mürəkkəb dönəmdə Nuri Əl Malikinin hakimiyyətə qayıdışı ABŞ üçün arzuolunan deyil:

“Bu, xüsusilə də İran ətrafında gedən proseslər, Tehran–Vaşinqton və Tehran–Təl-Əviv xəttində artan gərginlik fonunda şiə liderin yüksək posta gəlməsi mövcud reallıqlara qətiyyən uyğun deyil”.

Ə.Orucov qeyd edib ki, məsələnin başqa tərəfləri də mövcuddur:

“İran artıq əvvəlki qüdrətində deyil və təsir zonasında saxladığı İraq, Suriya və Livandan çıxarılıb. Bölgədəki proksi qüvvələrinə ciddi zərər vurulub. İkincisi, İraqın özündə kürd faktoru daxili problemlər yaratmaqdadır. Prezident Əl Şaraanın Suriyanın kürd separatçılarının rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı həyata keçirdiyi uğurlu təmizləmə əməliyyatı nəticəsində yüzlərlə silahlı militan İraq Kürdüstan Muxtariyyətinə keçib və bu proses Dəməşqlə gərginliklərə yol açıb”.

Politoloq əlavə edib ki, ABŞ-nin İraqdakı mövqeyi də dəyişir:  

“ABŞ İraqdakı hərbi mövcudluğunu xeyli dərəcədə azaldıb və yaxın illərdə bütövlükdə oranı tərk edəcəyini bəyan edib. Məncə, ABŞ-nin bu mövqeyi suveren dövlətin daxili işlərinə daha bir kobud müdaxilədir. İraq xalqı özü ona rəhbərlik edənlərin kimliyini müəyyən etməlidir. Bu cür ultimatumlar və göstərişlər onsuz da həssas və qeyri-sabit olan regionda durumu daha da pisləşdirir. Xalqın iradəsinə və dövlətlərin suveren hüquqlarına hörmət olunmlıdır”.

Qiymət Mahir

TodayPress TV

tag: Əli Orucov,Politoloq,Bağdat,Vaşinqton,Todaypress.tv,