“Ukraynadakı üstünlük Arktikanın taleyini həll edəcək” - ŞƏRH

Təhlil

10.02.2026 20:37

Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Eyxelşaym NATO-nun Arktika bölgəsində hərbi mövcudluğunu gücləndirməyə hazır olduğunu elan edib. 

NATO-nun Arktikada mövcudluğunu artırması Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilərmi? Ümumiyyətlə bu proses regiondakı vəziyyətə necə təsir edə bilər? 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda NATO ilə Rusiya arasındakı əsas qarşıdurma Ukrayna üzərindən gedir və bu prosesin digər regionlara yayılma ehtimalı da mövcuddur.


Onun sözlərinə görə, NATO-nun Arktika bölgəsində hərbi mövcudluğunu artırmaq cəhdləri Rusiyada ciddi narahatlıq doğurur və bu da potensial qarşıdurma risklərini yüksəldir. 

"Arktika zəngin yeraltı faydalı qazıntılara malik olduğu üçün həm Amerika Birləşmiş Ştatlarının, həm Rusiyanın, həm də NATO ölkələrinin maraq dairəsindədir. Məhz bu səbəbdən Arktikada yeni qarşıdurma ocağının yaranması ehtimalı istisna edilmir”, - deyə analitik vurğulayıb. 


Siyasi şərhçi əlavə edib ki, həmçinin Çin də Arktikada öz geosiyasi mövqelərini gücləndirməyə çalışır. Onun fikrincə, ABŞ-nin Qrenlandiya ilə bağlı siyasəti də məhz Arktikada Rusiya və Çinin mövqelərini zəiflətməyə yönəlib. 

M. Əsədullazadənin qənaətinə görə, NATO-nun Arktikada hərbi baxımdan güclənməsinin qarşısını Rusiyanın tam şəkildə ala bilməsi real görünmür. Bununla belə, birbaşa NATO-Rusiya qarşıdurmasının Arktikada baş verməsi ehtimalı aşağıdır. O bildirib ki, əsas hesablaşmalar yenə də Ukrayna cəbhəsində davam edəcək. 

"Ukraynada hansı tərəf üstünlük əldə edərsə, Arktika bölgəsində də geosiyasi mövqelərini daha da möhkəmləndirmək imkanı qazanacaq”, - deyə siyasi analitik fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

tag: NATO,Rusiya,Məhəmməd Əsədullazadə,Arktika,Todaypress.tv,