Ukraynada MÜHARİBƏ SƏNGİMİR: Tərəflərin taleyi necə olacaq?
Təhlil
13.02.2026 19:49
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin başa çatması ilə bağlı yaxşı saziş imzalamaq imkanı olmasa, Ukrayna Rusiya ilə mübarizəni davam etdirməyə hazırdır.
Bəs müharibənin davam etməsi tərəflərə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Samir Hümbətov TodayPress TV-yə danışarkən bildirib ki, müharibənin davam etməsində bir neçə qlobal aktorun maraqları toqquşur və proses yaxın perspektivdə dayanmayacaq.

Analitik vurğulayıb ki, Rusiya-Ukrayna arasında baş verən müharibə artıq dörd ilini tamamlayır və bu zaman kəsiyində, qısamüddətli atəşkəslər istisna olmaqla, faktiki olaraq dayanmayıb. Onun sözlərinə görə, böyük ehtimalla qarşıdakı dövrdə də bu müharibənin davamı olacaq.
"Nə Rusiya, nə Ukrayna, nə də üçüncü tərəflər bu prosesin tam şəkildə dayandırılmasında maraqlı görünür. Ukraynada müharibənin davam etməsi Rusiyanın həm daxili, həm də xarici siyasətinə təsir göstərir və bu amil qərarların qəbulunda rol oynayır. Eyni proses Ukraynaya da aiddir", - deyə siyasi şərhçi izah edib.
S.Hümbətov hesab edir ki, ABŞ, Avropa İttifaqı və Çin kimi aktorların da bu münaqişədə özünəməxsus maraqları və fikir ayrılıqları mövcuddur. Politoloqun fikrincə, müharibənin davamı həm Rusiya, həm də Ukrayna iqtisadiyyatına ciddi zərbə vuracaq və tərəflər istəsələr də, istəməsələr də bu prosesin təsirlərindən yayınmaq mümkün olmayacaq.
Aysel Mətləb
tag: Samir Hümbətov,Ukrayna,Rusiya,Volodimir Zelenski,Todaypress.tv,
