"Ukrayna müharibəsinin gedişatı Trampdan asılı ola bilər" - ŞƏRH
Təhlil
06.02.2026 23:24
Macarıstanın xarici işlər naziri Peter Siyarto vurğulayıb ki, əgər hər şey yalnız ABŞ Prezidenti Donald Tramp və onun hökumətindən asılı olsaydı, Ukraynada artıq sülh bərqərar olardı.
Siyartonun açıqlamasını politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə şərh edib.

O bildirib ki, Trampın Ukrayna müharibəsini dayandırmaq imkanları hələ də var.
"Macarıstanın ümumilikdə Ukraynaya münasibəti birmənalıdır və bu ölkə faktiki olaraq Rusiyanı dəstəkləyən mövqedən çıxış edir. Onun sözlərinə görə, bunlara baxmayaraq, Budapeşt son dövrlər Ukraynanın enerji infrastrukturunun yenilənməsi və enerjinin çatdırılması prosesində müəyyən rol oynayır".
Analitik qeyd edib ki, Ukraynadakı müharibənin gedişatı ABŞ Prezidentindən asılı ola bilər:
“ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha da genişləndirə, həmçinin Ukraynaya elə silahlar verə bilər ki, Rusiyanın atdığı raketlər zərərsizləşdirilsin. Vaşinqton istəsəydi, Ukraynaya hücum silahları da təqdim edilə bilərdi və bu silahlar Ukraynanın 200 kilometr dərinliyində yerləşən rus qoşunlarını, komanda məntəqələrini və səngərləri məhv etməyə imkan verərdi. Lakin ABŞ bunu etmir”.
Siyasi şərhçi hesab edir ki, Ağ Evin əsas hədəfi Rusiyanın strateji planlarının pozulması və resurslarının tükənməsidir.
Politoloqun qənaətincə, Macarıstan xarici işlər nazirinin açıqlamalarında müəyyən həqiqət payı var.
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə əslində Qərbə qarşı yönəlmiş ekzistensial bir mübarizə xarakteri daşıyır və bu proses Rusiyanın özünü fövqəldövlət kimi təqdim etməsinə hesablanıb”, - deyə M. Əsədullazadə bildirib.
Politoloq sonda vurğulayıb ki, Amerika üçün müharibəni dayandırmaq hələ də gec deyil.
Aysel Mətləb
tag: Məhəmməd Əsədullazadə,Ukrayna,ABŞ,Tramp,Rusiya,Todaypress.tv,
