"Ukrayna-MDB divarı" bərkiyir: Nəticə nə olacaq?

Təhlil

27.02.2026 00:22

"Ukraynanın MDB sazişlərindən uzaqlaşması ölkə üçün neqativ nəticə doğurmayacaq".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib.


Siyasi şərhçi vurğulayıb ki, rəsmi Kiyevin MDB sazişləri ilə bağlı atdığı addımlar Ukraynaya hər hansı formada mənfi təsir göstərə bilməz:

"Ukrayna bundan artıq hansı zərbələri ala bilər sualını vermək belə çətindir. Çünki MDB-də əsas rol oynayan dövlət – Rusiya artıq Ukrayna ərazilərini işğal etməklə məşğuldur”.

Ekspert vurğulayıb ki, Ukraynanın MDB-də faktiki fəaliyyəti uzun müddətdir ki, mövcud deyil və ölkə bu qurumdan artıq uzaqlaşıb. Onun sözlərinə görə, Avropa Birliyinə və NATO-ya üzvlük rəsmi Kiyev üçün əsas prioritetdir və bu istiqamətdə fəaliyyət davam edir.


E. Xalidbəylinin fikrincə, MDB ilə bağlı qərarların Ukraynaya neqativ təsir etmək ehtimalı demək olar ki, yoxdur.

Politoloq hesab edir ki, bu addımlar daha çox siyasi-ideoloji xarakter daşıyır və rəsmi Kiyev bununla həm Rusiyaya, həm MDB məkanındakı keçmiş tərəfdaşlarına, həm də ABŞ və Qərbə mesaj verir. 

Analitik sonda bildirib ki, həmin mesajlara veriləcək reaksiyalar Ukraynanın növbəti addımlarına müəyyən dərəcədə təsir göstərə bilər. 

Qeyd edək ki, Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində 30 sazişdən çıxıb. 

Onların arasında MDB ilə birgə hava hücumundan müdafiə sistemi, deportasiya olunmuş şəxslərin hüquqlarının bərpası və mədəni sərvətlərin qaytarılması, MDB-yə üzv dövlətlərin SSRİ və ABŞ arasındakı raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması, habelə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədə iştirak ilə bağlı sazişlər yer alır.

Aysel Mətləb

TodayPress TV

tag: Elçin Xalidbəyli,Ukrayna,MBD,Rusiya,Avropa,NATO,Todaypress.tv,