Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”
Təhlil
12.02.2026 17:38
“Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərə paralel şəkildə inkişaf edəcək”.
Bunu TodayPress TV-yə türkiyəli politoloq İsmail Cingöz Türkiyənin İrəvana müntəzəm birbaşa uçuşlar həyata keçirəcəyi ilə bağlı açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycanla öncədən razılıq əldə etmədən və Azərbaycanın siyasətinə zidd addım atmadan Ermənistanla münasibətlərini inkişaf etdirə bilər.

“Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Türkiyə qardaş Azərbaycanın əleyhinə heç bir fəaliyyət göstərməz və göstərməyəcək”.
Analitik bildirib ki, Ermənistan-Türkiyə hava reysləri əlaqələri və ticarəti gücləndirəcək:
“Ermənistan ilə Türkiyə arasında hava yolları vasitəsilə sərnişin daşınması ilə bağlı yeniliklər həm hər iki ölkənin vətəndaşları, həm də siyasi və iqtisadi baxımdan müsbət addım olacaq və qismən də olsa, ticarətin hava yolu ilə başlamasına şərait yaradacaq. Bu da iki ölkə arasında iqtisadi, siyasi və sosial-mədəni əlaqələrin qurulması üçün vasitə kimi Ermənistanın xeyrinə inkişaf kimi qiymətləndirilə bilər”.
İ.Cingöz vurğulayıb ki, növbəti mərhələdə Ermənistan-Azərbaycan münasibətləri müsbət məcrada irəliləsə, Türkiyə quru sərhədlərini də aça bilər. Türkiyə rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, quru sərhəd qapılarının açılması üçün Ermənistanın qalıcı sülh müqaviləsi imzalaması, Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarını ehtiva edən hüquqi tənzimləmələri aradan qaldırması, konstitusiya və digər qanuni prosedurları yerinə yetirməsi şərtdir. Bu şərtlər yerinə yetirilsə, Ermənistan ilə Azərbaycan arasında sülh təmin edilər və Türkiyə normallaşma prosesinə keçərək quru əlaqələrini bərpa edər.
“Türkiyənin İrəvana müntəzəm hava reyslərinə başlamaq qərarı Ermənistana qarşı xoş niyyət göstəricisi kimi qəbul edilməlidir. Eyni şəkildə, Azərbaycanın Ermənistana yanacaq daşımaları da analoji xoş niyyət addımı idi. Yəni həm Azərbaycandan, həm də Türkiyədən Ermənistana sülh prosesinə doğru əl uzadılır”, – deyə analitik vurğulayıb.

Şərhçi əlavə edib ki, bundan sonrakı gedişat Ermənistanın atacağı addımlardan asılıdır və bu prosesdə qazanan tərəf Ermənistan xalqı və dövləti olar. Bu isə bölgədə sabitlik və sülh üçün yol xəritəsi rolunu oynaya bilər və nəticədə həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də regionun digər ölkələri qazanclı çıxar.
Qeyd edək ki, Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.
Jalə Rövşən
tag: İsmail Cingöz,Ekspert,Ermənistan,Türkiyə,Todaypress.tv,
