Türkiyə ÜÇÜNCÜ TƏRƏF KİMİ: Pakistan və Əfqanıstan münaqişəsinə həll...

Təhlil

28.02.2026 17:17

ABŞ-nin Əfqanıstan təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Pakistan və Əfqanıstan arasındakı münaqişəni Türkiyə kimi etibarlı üçüncü tərəf həll etməlidir.

Politoloq Yusif Bağırzadə, Zalmay Xəlilzadın bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib ki, onun fikri regional geosiyasi reallıqlar baxımından diqqətəlayiqdir.


“Pakistan-Əfqanıstan münasibətləri sərhəd təhlükəsizliyi, “Dürand xətti” mübahisəsi, silahlı qrupların fəaliyyəti və qarşılıqlı etimadsızlıq fonunda mürəkkəb xarakter daşıyır və bu şəraitdə Türkiyənin vasitəçilik təşəbbüsü onun diplomatik imkanları və regional nüfuzu çərçivəsində qiymətləndirilməlidir”, - deyə siyasi analitik izah edib.  

Bağırzadə bildirib ki, Ankaranın üstünlüklərindən biri hər iki ölkə ilə paralel və balanslı münasibətlərə malik olmasıdır. Onun sözlərinə görə, Türkiyə uzun illərdir Pakistanla strateji və hərbi əməkdaşlıq həyata keçirir, müdafiə sənayesi və siyasi dialoq yüksək səviyyədədir. Eyni zamanda, Əfqanıstanda NATO missiyaları çərçivəsində iştirak etməsi və yerli əhali arasında neqativ imic formalaşdırmaması Ankaraya əlavə üstünlük verir.  

Ekspert qeyd edib ki, Türkiyənin vasitəçilik potensialı müəyyən məhdudiyyətlərlə də üzləşir:

“Pakistanın Əfqanıstan siyasətindəki dərin təhlükəsizlik hesablamaları və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplarla bağlı narahatlıqlar İslamabad üçün prioritet məsələdir və bu kimi struktur problemlər yalnız diplomatik təşəbbüslərlə həll edilə bilməz”.


Analitik əlavə edib ki, regionda İran, Çin, Rusiya və ABŞ kimi böyük güclərin maraqlarının toqquşması Türkiyənin təkbaşına dayanıqlı həll formalaşdırmasını çətinləşdirir. O hesab edir ki, Türkiyə münaqişə tərəfləri arasında birbaşa qərar verən deyil, danışıqların baş tutmasına və davam etməsinə şərait yaradan aktor kimi daha real rol oynaya bilər. 

Politoloqun sözlərinə görə, Ankara dialoqu təşviq edə, etimad quruculuğu tədbirlərini dəstəkləyə və təhlükəsizlik əməkdaşlığının texniki mexanizmlərinin formalaşdırılmasına yardım göstərə bilər.

“Türkiyə Pakistan-Əfqanıstan münaqişəsində real vasitəçi potensialına malikdir, lakin bu rol əsasən gərginliyin azaldılması və dialoqun təşviqi ilə məhdudlaşa bilər. Dayanıqlı həll isə yalnız çoxtərəfli beynəlxalq mexanizm çərçivəsində mümkündür”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Yusif Bağırzadə,Əfqanıstan ,Pakistan ,Türkiyə ,Zalmay Xəlilzad,Todaypress.tv,