Trampın Obamaya dedikləri GÜNDƏM OLDU – Ağ Ev lideri qınadığını yaşadı...

Təhlil

04.03.2026 15:52

ABŞ Prezidenti Donald Trampın 2011-ci ildə səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.

Tramp həmin çıxışında o dövrdə prezident olan Barak Obamanı sərt tənqid edərək belə demişdi:


“Bizim prezident İranla müharibəyə başlayacaq, çünki danışıqlar aparmağı bacarmır. O, zəif və qeyri-effektivdir. Obama bizi Yaxın Şərqdə bir bataqlığa sürükləmək istəyir. İrana qarşı müdaxilə axmaqlıqdır. Çünki bu intihardır, bu Amerika əsgərinin anlamsız müharibədə ölməsidir. Trilyonlarla dollar vəsaitin amerikalıların cibindən çıxarılıb mənasız müharibəyə xərclənməsidir. Obama, sən bizi uçuruma aparırsan”. 

Sual yaranır: əgər belə idisə, bəs Trampın özü niyə İranla müharibə yolunu seçdi ? 

Sözügedən məsələni Politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.  


O, qeyd edib ki, Donald Tramp 2011-ci ildə İrana zərbə endirilməsinin əleyhinə olsa da, hazırkı vəziyyət əvvəlkindən tamamilə fərqlənir. ABŞ İsraillə birlikdə İranın regiondakı mövqeyini zəiflətməyə, onu öz təsiri altına salmağa və İranda Qərbə yaxın hakimiyyət formalaşdırmağa çalışır.

Ekspert qeyd edib ki, Trampın ikinci prezidentlik dövründə yürüdülən siyasət seçkiqabağı vədlərlə üst-üstə düşmür: 

“Tramp o zaman özünü “sülh prezidenti” kimi təqdim edir, müharibələri dayandıracağını bildirirdi. Ancaq son illərdə ABŞ-nin müxtəlif ölkələrə qarşı hərbi əməliyyatları və sərt addımları diqqət çəkir”.

O, əlavə edib ki, hakimiyyətə “Amerikanı yenidən böyük edək” şüarı ilə gələn Tramp ölkənin güclənməsini qlobal enerji resurslarına nəzarətlə əlaqələndirir. Onun yanaşmasına görə, dünya miqyasında enerji və logistika xətlərinə təsir imkanlarının artırılması ABŞ-nin strateji üstünlüyünü möhkəmləndirə bilər. Bu baxımdan həm Latın Amerikası, həm də Yaxın Şərq ölkələri xüsusi əhəmiyyət daşıyır.

“İsraillə sıx əməkdaşlıq da bu siyasətin əsas istiqamətlərindən biri hesab olunur. Birinci prezidentlik dövründə də İrana qarşı sərt mövqe nümayiş etdirilmişdi. ABŞ nüvə sazişindən çıxmış və rəsmi Tehran üzərində təzyiqləri artırmışdı. Hazırda isə regionda gərginliyin daha da artdığı müşahidə olunur”, - analitik qeyd edib. 

Ş.Ağayev, həmçinin vurğulayıb ki, bütün bunların daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir:


"Yaxın və Orta Şərqdə vəziyyət kifayət qədər həssasdır. Türkiyənin xarici işlər naziri də qeyd edib ki, İran mövcudluğuna təhlükə hiss edərsə, regionu daha böyük qarşıdurmaya sürükləyə bilər. Təəssüf ki, coğrafi uzaqlıq səbəbindən bu proseslərin ABŞ üçün birbaşa təhlükə yaratmadığı düşünülür. Bununla belə, region üçün nəticələr olduqca ağır ola bilər", - politoloq fikrini tamamlayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi şərhçi,Tramp,Obama,Todaypress.tv,