Trampı günahlandırdılar: ABŞ-də ŞATDAUN DALĞASI!
Təhlil
30.01.2026 14:03
“ABŞ-də şatdaun təkcə iqtisadi deyil, siyasi sistem üçün də ciddi nəticələr doğurur”.
Politoloq Abutalıb Səmədov bunu ABŞ-də baş verən şatdaunla bağlı TodayPress TV-yə danışarkən bildirib.
Analitikin sözlərinə görə, Vaşinqtonda baş verən şatdaun dövlətin bütün sahələrinə, o cümlədən siyasi sistemin fəaliyyətinə birbaşa təsir göstərir.
O qeyd edib ki, dövlət qurumlarında çalışan işçilərin bir hissəsinin əməkhaqqı ala bilməməsi və ya məcburi, haqqı ödənilməyən məzuniyyətə göndərilməsi işin keyfiyyətinə ciddi mənfi təsir edir.
“Əvvəlki şatdaun zamanı təxminən 1 milyon 400 min insan məcburi, ödənişsiz məzuniyyətə göndərilmiş, bir hissəsi isə işləməsinə baxmayaraq əməkhaqqı ala bilməmişdi. Bu vəziyyət isə cəmiyyətdə çox ciddi narazılıq yaratmışdı”, - deyə Səmədov xatırladıb.
Onun fikrincə, aparılan rəy sorğuları göstərib ki, sonuncu şatdaun seçicilərin təxminən 34% yaşayış səviyyəsi birbaşa təsir edib.
Politoloq eyni zamanda vurğulayıb ki, sorğuda iştirak edənlərin 52%-i bu prosesin əsas günahkarı kimi ABŞ Prezidenti Donald Trampı göstərib.
Siyasi şərhçi hesab edir ki, bu cür hallar Tramp administrasiyasının nüfuzdan düşməsinə və siyasi mövqelərinin zəifləməsinə səbəb olur:
“Unutmaq olmaz ki, ABŞ-də bütün siyasi proseslər ilin sonunda keçiriləcək seçkilər kontekstində qiymətləndirilir”.
Politoloq vurğulayıb ki, siyasi partiyalar şatdaunun qarşısını almaq üçün çıxış yolları axtarsalar da, bəzən bu proses qəsdən dərinləşdirilir. O bildirib ki, xüsusilə müxalifətdə olan Demokrat Partiyası şatdaunu siyasi mübarizədə Trampa qarşı bir alət kimi istifadə etməyə çalışır və gələcəkdə də bu vasitədən dəfələrlə yararlanmaq ehtimalı yüksəkdir.
“Bütün bunların Tramp administrasiyasının mövqelərini əhəmiyyətli dərəcədə zəiflətməsi faktı ABŞ siyasi gündəmində açıq şəkildə hiss olunur”, - deyə Səmədov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ Konqresinin yuxarı palatası Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş bir neçə dövlət qurumlarının 1,2 trilyon dollar həcmində maliyyələşdirilməsi paketini rədd edib.
Bildirilir ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp hökumətin işinin dayandırılmasının qarşısını almağa ümid etdiyini ifadə etsə də, bu qanun layihələri təsdiqlənmədən 31 yanvar gecəsi (Bakı vaxtı ilə şənbə günü saat 09:00-da) ABŞ-də şatdaun baş verəcək.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,Şatdaun,Todaypress.tv,
