Trampdan Zelenskiyə GÖZLƏNİLMƏZ ZƏNG: 1 ay vaxt
Təhlil
26.02.2026 16:22
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında fevralın 25-də telefon danışığı baş tutub. Tramp Zelenski ilə danışıq əsnasında müharibənin 1 aya başa çatmasını istədiyini bildirib.
Bəs mövcud reallıqlar fonunda bu nə dərəcədə realdır?
Politoloq Soltan Zahidov mövzunu TodayPress TV-yə şərh edib.

O xatırladıb ki, Tramp bundan əvvəl tərəflərə iyun ayına qədər möhlət vermişdi.
Analitik bildirib ki, hazırda tərəflər arasında danışıqlar İsveçrədə davam edir:
"Bu gün Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü planlaşdırılır. Görüşdə ABŞ tərəfdən Cared Kuşner və Stiv Uitkoff, Ukrayna tərəfdən isə Rustem Umerov iştirak edəcək. Bu görüşün əsas məqsədi mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün şərtlərini və detallarını müzakirə etməkdir".
Ekspert Zelenskinin fikirlərinə diqqət çəkib:
"Zelenski problemin həlli üçün liderlər səviyyəsində görüşün keçirilməsinin vacib olduğunu və birbaşa Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib. Halbuki əvvəllər Putin bu kimi çağırışlara məhəl qoymayaraq, Zelenskini legitim prezident kimi tanımadığını və onunla görüşmək istəmədiyini bildirmişdi".
SON BİR AY?
S.Zahidov hesab edir ki, bu müharibənin bir ay ərzində başa çatacağı real görünmür:
"Çünki Rusiya tərəfi müharibəni bitirmək niyyətində olan tərəf təsiri bağışlamır. İrəli sürülən tələblər maksimalist xarakter daşıyır. Bu tələblər Ukraynanın ərazi güzəştinə getməsini, ordusunun sayının azaldılmasını və ölkəyə müəyyən məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur.
Şübhəsiz ki, bunlar kifayət qədər ağır şərtlərdir. Ukraynanın Şərqi Donbasdan geri çəkilməsi böyük siyasi və psixoloji zərbə ola bilər və bu, əhalinin Zelenskiyə olan etimadını ciddi şəkildə sarsıda bilər. Eyni zamanda, Ukrayna Konstitusiyasına görə ərazi güzəşti qəbuledilməzdir. Buna görə də Zelenski bu məsələdə “qırmızı xətt”ini açıq şəkildə ifadə edib. Putinin şərti isə ondan ibarətdir ki, Ukrayna qüvvələri Donbasdan çıxarılmalıdır ki, atəşkəs sazişi imzalansın".
DONBASIN ÖNƏMİ
Politoloq vurğulayıb ki, Donbas strateji baxımdan mühüm regiondur:

"Ukrayna 2014-cü ildən etibarən bu bölgədə Rusiya ilə silahlı qarşıdurma şəraitindədir. Burada geniş istehkamlar və müdafiə xətləri qurulub, uzun müddətdir Ukrayna hərbçiləri həmin mövqelərdə döyüşürlər. Bu regiondan geri çəkilmək Ukraynanın milli maraqlarına uyğun addım hesab olunmur".
VARİANTLAR MÜZAKİRƏ OLUNUR
O, hazırda mümkün güzəşt variantlarının müzakirə edildiyini bildirib:
"Söhbət ABŞ-nin təklif etdiyi azad iqtisadi zonanın yaradılmasından gedir. Təklifə əsasən, həm Rusiya, həm də Ukrayna Donbasın müəyyən hissəsindən qoşunlarını geri çəkir və həmin ərazidə neytral zona formalaşdırılır. Zelenski son vaxtlar bu ideyanın müzakirə oluna biləcəyini bildirsə də, Rusiya tərəfindən hələlik müsbət reaksiya verilməyib. Eyni zamanda, hərbi əməliyyatlar davam edir. Rusiya tərəfindən Ukrayna şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilir. Bu da Rusiyanın hazırkı mərhələdə dayanmaq niyyətində olmadığını göstərir. Nəticə etibarilə, müharibənin bir ay ərzində başa çatması ehtimalı olduqca aşağı qiymətləndirilir".
Jalə Rövşən
tag: Soltan Zahidov,Politoloq,Tramp,Zelenski,Todaypress.tv,
