Trampdan növbəti XƏBƏRDARLIQ: Tehran hansı addımı atacaq?
Təhlil
11.02.2026 23:33
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehran nüvə proqramı və idarə olunan silahlarla bağlı razılaşmanı qəbul etməkdən imtina edərsə, ABŞ "çox sərt" tədbirlər görəcək.
O, həmçinin İranı danışıqlar masasına geri qaytarmaq üçün Körfəzə ikinci təyyarədaşıyan gəmi göndərmək planlarını da açıqlayıb.
Eyni zamanda, ABŞ-nin Yaxın Şərqdə yerləşən ən böyük hərbi bazası olan Qətərdəki “Əl-Udeyd” bazasında ABŞ qüvvələri yanvar ayından etibarən İranla gərginlik artdıqca raketləri yük maşını tipli buraxılış qurğularına yerləşdirib.
Peyk görüntülərinin təhlili göstərir ki, bu addım raketlərin daha sürətli şəkildə daşınmasına və yerləşdirilməsinə imkan yaradır.
Maraqlıdır, ABŞ-nin bu addımları İranı geri çəkilməyə məcbur edə bilər, yoxsa gərginlik daha da artacaq?
Mövzu ilə bağlı politoloq Elşad Paşasoy TodayPress TV-yə danışıb.

O bildirib ki, Ağ Ev lideri Donald Tramp İrana qarşı hazırda "dəyənək və kökə" siyasətindən istifadə edir.
Analitik qeyd edib ki, son vaxtlar proseslər gərginləşməkdədir. Xüsusilə də İran daxilində baş verən etirazlar və etirazların zorakılıqla yatırılmasından sonra aksiya iştirakçılarının ABŞ və İsraillə əlaqələndirilməsi və bu ölkələrin casus şəbəkəsinin İran daxilində hərəkət etməsi ilə bağlı iddialar, eyni zamanda cəza tədbirlərinin davamı Trampın sərt reaksiyası ilə müşahidə olunur.
Həmçinin bu aksiyaların təşkili ilə bağlı faktiki olaraq ABŞ-dən etirafların səslənməsinin özü də İrandakı mühafizəkar qanadda həm ölkə daxilində, həm də xaricdən gələn təhdidlərlə bağlı daha radikal mövqe sərgiləməyə əsaslar yaradır.

"Omanda keçirilən ABŞ-İran danışıqlarının ilk raundundan sonra müəyyən ümidlər yaranıb ki, proseslərin dinc məcrada tənzimlənməsi üçün imkanlar əldən buraxılmayacaq. Elə bu barədə İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən açıqlamanın verilməsi də dediklərimizi təsdiqləyir. Laricani amerikalıların nüvə müzakirələrinin konkret həll yolu ilə tənzimlənməsini istədiklərini bildirib və ilk raundla bağlı razılığını ifadə edərək danışıqların nisbətən yaxşı davam etdiyi barədə pozitiv fikirlərini açıqlayıb”, - deyə politoloq izah edib.
Siyasi şərhçi əlavə edib ki, Tramp danışıqların uğursuz olacağı təqdirdə İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərqə ikinci təyyarədaşıyan zərbə qrupu göndərməyi düşündüyünü açıqlayıb.
Politoloqun sözlərinə görə, artıq ilk hərbi həmlələr edilib. İran faktiki olaraq ABŞ-nin təyyarədaşıyan gəmiləri, raket ehtiyatları, qırıcıları və müasir təyyarələri ilə mühasirəyə alınmış durumdadır. Belə olduğu təqdirdə əlavə ehtiyat qüvvələrin də gətirilməsi İranı seçim qarşısında qoyur.

“Bu gün İran təkcə xarici düşməndən qorunmaq barədə düşünməməlidir. Faktiki olaraq, hazırda İran daxilində ölkənin üzləşdiyi fəlakətlərin təməlində dayanan müəyyən qüvvələr və mövqelər mövcuddur. Söhbət ondan gedir ki, İran Prezidenti Məsud Pezeşkianın və onun şəxsində islahatçılar qanadının əleyhinə fəaliyyət göstərən mühafizəkarlar, həmçinin təhlükəsizlik, kəşfiyyat və bütövlükdə güc strukturları çevrəsindəki qüvvələr daha radikal mövqedən çıxış edirlər. Eyni zamanda, məhz bu ərəfədə ABŞ generallarının Amerika bayrağına bürünmüş tabutlarının hazırlanması və bu görüntülərin tirajlanması İrandakı gərginliyə və qarşıdurmaya meylli qüvvələrin növbəti təxribatı hesab oluna bilər. Belə ki, bir neçə gün əvvəl Omanda İranla aparılan danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibində yer alan Bret Kuper kimi məşhur simaların adlarının "ölüm siyahısı"na daxil edilməsi qarşıdurmaya yönəlmiş açıq addımdır. Tehranda keçirilən kütləvi aksiyada nümayişçilərin yenidən İsrail əleyhinə ölüm şüarları səsləndirməsi və İsrail rəmzlərindən birinin müqəvvasını yandırması isə İsrailə bu məsələlərdə müəyyən bəhanələr əldə etmək imkanı yaradır”, - deyə E. Paşasoy açıqlayıb.

Politoloq, həmçinin bildirib ki, Məsud Pezeşkianın İslam İnqilabının 47-ci ildönümü münasibətilə xalqa müraciətində İranın nüvə silahı inkişaf etdirmək niyyətində olmadığını vurğulaması və istənilən monitorinq tədbirlərinə hazır olduğunu bildirməsi olduqca pozitiv bir mövqedir. Bu yanaşma həm danışıqların nəticələrinə olan ümidləri, həm də dağıdıcı müharibədən yayınma ehtimallarını artırır. Lakin İsfahan ətrafında və digər bölgələrdə 12 günlük müharibə zamanı zərər çəkmiş nüvə obyektlərinin daha təhlükəsiz dərinliklərə köçürülməsini əks etdirən peyk görüntüləri fərqli mənzərə yaradır. Bu görüntülər İranın mühafizəkar qanadının ənənəvi niyyətlərindən əl çəkmədiyini, danışıqlar adı altında vaxt qazanaraq öz planlarını həyata keçirməkdə israrlı olduğunu göstərir. Bu vəziyyət təkcə İran üçün deyil, bütövlükdə region ölkələri üçün əlavə gərginlik və təhlükə vəd edir. Xüsusilə son vaxtlar qardaş Türkiyənin də bu istiqamətdə narahatlığı müşahidə olunur. Nüvə enerjisinə malik olmaq iddialarının gələcəkdə nüvə silahı əldə etmək mərhələsinə keçməsi digər ölkələri də bu yola həvəsləndirə bilər ki, bu da həm region, həm də dünya üçün ciddi təhdid mənbəyidir.

“Prezident Pezeşkian hər halda kifayət qədər mötədil mövqedən çıxış edir. Onun hazırda İran ətrafında yaranmış vəziyyətlə bağlı tutduqları mövqeyə görə Azərbaycan və Türkiyəyə, həmçinin Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Misir və digər ölkələrə minnətdarlığını ifadə etməsi problemin dinc, diplomatik yolla həllinə səy göstərdiyini nümayiş etdirir”.
Siyasi analitikin qənaətincə, İranda sağlam qüvvələrin mövqeyi üstünlük təşkil edəcək. Regionda böyük fəlakətlərin yaşanmaması, İranın sarsıdıcı zərbələr almaması və çoxsaylı itkilərdən yayınmaq üçün Yaxın Şərqin digər ölkələrində baş verənlərdən nəticə çıxarılacaq və müharibədən yayınmağa yönəlik mövqe sərgilənərək ABŞ ilə danışıqlarda ortaq məxrəcə gəlinəcək.
“Tramp üçün də xüsusilə İranla böyük savaşa başlamaq heç də asan məsələ deyil. Pentaqonda da yaxşı bilirlər ki, bu, sıradan bir müharibə olmayacaq. Məhz bu səbəbdən daha tədbirli davranır, ehtiyat tədbirlərini artıraraq İranı hər tərəfdən mühasirəyə almağa çalışırlar. ABŞ hərbi qüvvələrinin və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək şərtilə, hətta lokal da olsa, hərbi əməliyyatlara qərar vermək niyyətindədir. Bundan yayınmağın isə yeganə yolu danışıqlardır”, - deyə E. Paşasoy fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Elşad Paşasoy,İran,ABŞ,Xəbərdarlıq,Nüvə,Todaypress.tv,
