Trampdan Kubaya MESAJ: “Dostcasına işğal”!
Təhlil
28.02.2026 16:47
ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinin Vaşinqtonla danışıqlar aparmasından narazı olduğunu deyib və adanın “dostcasına alınması” ehtimalını nəzərdən keçirə biləcəyini bildirib.
“Kuba hakimiyyəti bizimlə danışıqlar aparır və bildiyiniz kimi, onlar böyük çətinliklərlə üzləşiblər. Onların pulu yoxdur, hazırda heç nələri yoxdur və bəlkə də biz Kubanın dostcasına fəthini həyata keçirəcəyik”.
Politoloq Elşad Mirbəşiroğlu Trampın bəyanatını TodayPress TV-yə şərh edib.

Analitik bildirib ki, ABŞ Prezidentinin “friendly takeover” (dostcasına ələ keçirmə) ifadəsi Kubada dinc yolla rejim dəyişikliyinə və ölkənin siyasi-iqtisadi baxımdan Vaşinqtonun təsiri altına salınmasına yönəlib.
Onun sözlərinə görə, bu anlayış əsasən biznes mühitində işlədilən termindir və tərəflərin razılığı əsasında zəif şirkətin güclü şirkət tərəfindən udulmasını ifadə edir.
“Dövlət rəhbərinin bu ifadəni digər ölkə barədə işlətməsi siyasi məna daşıyır. Bu, Trampın qeyri-hərbi vasitələrlə Kubanı siyasi və iqtisadi baxımdan ABŞ-nin nəzarətinə keçirmək istədiyini göstərir”, - deyə siyasi şərhçi izah edib.
O vurğulayıb ki, Tramp hakimiyyətinin ilk dövrlərindən Qərb yarımkürəsində yeni geosiyasi vəziyyət yaratmaq niyyətini gizlətməyib və Venesuela, Meksika, Kuba, Kolumbiya kimi ölkələrin siyasi yönlərinin dəyişdirilməsinin vacibliyini qeyd edib.
Politoloq bildirib ki, bu prosesin aparılması ABŞ dövlət katibi Marko Rubioya həvalə olunub və yüksək səviyyəli danışıqlar aparılır.
Siyasi şərhçi xatırladıb ki, bir müddət əvvəl Kubanın keçmiş Prezidenti Raul Kastronun nəvəsi kiçik Raul Kastro ilə ABŞ rəsmiləri arasında danışıqlar aparılması barədə məlumatlar yayılıb:
“Bu, ABŞ-nin Kubanı daxildən dəyişmək, kommunist hökuməti sıradan çıxarmaq və Amerikaya sadiq olan yeni hakimiyyət formalaşdırmaq istədiyini göstərir”.
Ekspert əlavə edib ki, son dövrlərdə hərbi və iqtisadi təzyiqlər də artıb. ABŞ hərbi katerinin Kuba sularında insident törətməsi və nəticədə Kuba sərhədçilərinin həlak olması, eləcə də Venesuelaya Kubaya neft satmamaqla bağlı məhdudiyyətlər tətbiq edilməsi ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırıb.

Siyasi şərhçinin sözlərinə görə, aviasiya əlaqələrinin zəifləməsi və turizm sektorunun geriləməsi də bu təzyiq mexanizmlərinin tərkib hissəsidir.
“Yekun olaraq, Tramp Kubaya əsasən qeyri-hərbi komponentlərdən istifadə etməklə siyasi və iqtisadi təzyiqlər göstərir, onu təsir dairəsinə salmağa çalışır”, - deyə Elşad Mirbəşiroğlu fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Elşad Mirbəşiroğlu,Donald Tramp,Kuba ,Ələ keçirmə,Todaypress.tv,
