Tramp və Putin razılaşıb? – Ukrayna üçün TƏHLÜKƏLİ SÜLH ssenarisi
Təhlil
10.03.2026 14:48
Ukrayna, Rusiya və ABŞ arasında planlaşdırılan üçtərəfli görüş təxirə salınıb. Ekspertlər bu vəziyyəti Ukraynanın beynəlxalq gündəmdə əvvəlki qədər diqqət mərkəzində olmaması ilə əlaqələndirirlər.
Bəs Ukraynanın beynəlxalq gündəmdə arxa plana keçməsi münaqişənin gələcək həlli prosesini hara sürükləyəcək?
Sözügedən mövzunu politoloq Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.

Ekspert qeyd edib ki, Ukrayna-Rusiya sülh danışıqlarının arxa plana keçməsi, İranda baş verən hadisələrlə bağlıdır və bu gün Amerika Birləşmiş Ştatlarının əsas problemi isə İranla bağlı məsələləri həll etməkdir.
"Bir qədər əvvəl ABŞ-nin diqqətinin Kubaya yönələcəyi də qeyd olunub. Yəni belə başa düşmək olar ki, ABŞ-nin problemləri bitməyəcək. Ancaq Ukrayna məsələsi də mühüm əhəmiyyət daşıyır və yaya qədər Tramp bu məsələyə də yekun qoymaq istəyir. Burada həlledici amil hərbi əməliyyatların gedişatıdır. Əgər Rusiya yaxın bir neçə ay ərzində Ukraynada ciddi uğurlar əldə edərsə, Tramp bundan sonra Ukraynaya təzyiq göstərəcək və Rusiyanın şərtlərini qəbul etdirməyə çalışacaq. Əksinə, əgər Ukraynanın əks-hücumu uğurlu olarsa, bu, Ukraynanın mövqeyini möhkəmləndirəcək", - analitik bildirib.
Politoloq əlavə edib ki, İrana qarşı əməliyyatlar Ukraynaya yardımı azaldacaq:

"Artıq ABŞ-nin Ukraynaya satacağı, həmçinin Avropa dövlətləri vasitəsilə göndərəcəyi silahlar əvvəlki qədər olmayacaq. Bu da müəyyən qədər hərbi əməliyyatlara təsir göstərəcək. Avropa, xüsusilə də silah satan əsas Avropa dövlətləri, ABŞ-yə İrana qarşı hərbi əməliyyatlarda müəyyən yardımlar göstərməyə çalışır. Bu da Ukraynaya yardımların azalmasına səbəb ola bilər".
Ekspert əlavə edib ki, yardım üçün ayrılmış 90 milyard avronu hələ Ukraynaya göndərmək mümkün olmayıb. Bu qərarın həyata keçirilməsinə Macarıstan və Slovakiya mane olur. Qeyd edək ki, bu yardım da əvvəlki illərlə müqayisədə çox azdır; əvvəllər təxminən hər il bu qədər vəsait ayrılırdı. Bütün bunlar Ukraynanın uğurlu əks-hücuma keçməsini çətinləşdirir.
"Hazırda müharibədə hansı tərəfin ciddi üstünlük qazandığını söyləmək çətindir. Bəzən Ukrayna müəyyən yaşayış məntəqələrini azad edir, ardınca isə Rusiya başqa istiqamətdə hücuma keçir və Ukraynanın kəndlərini, qəsəbələrini ələ keçirir. Belə qarşılıqlı hücumlar nəticəsində ciddi üstünlük olmadan müharibə davam edir. Əgər bu cür davam edərsə, çox güman ki, Ukraynaya qarşı təzyiqlər artacaq və onu Trampla Putinin razılaşdırdığı sülh layihəsini qəbul etməyə məcbur edəcəklər", - A.Səmədov fikrini yekunlaşdırıb.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
