Tramp bu dəfə İspaniyanı HƏDƏLƏDİ: Madriddən “Soyuq duş”
Təhlil
04.03.2026 17:22
ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bağlı açıqlamasında bu ölkənin hərbi bazalarından istifadə məsələsinə toxunaraq, İspaniyanın rədd cavabına baxmayaraq, Vaşinqtonun istədiyi halda həmin bazalardan istifadə edə biləcəyini bildirib və heç kimin buna mane ola bilməyəcəyini vurğulayıb.
Bəs İspaniya ilə ABŞ arasında qarşıdurma ola bilərmi?
Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.

O bildirib ki, bu məsələ ilə bağlı vəziyyət, böhranlıdır. Çünki Vaşinqtonla Madrid arasında gərginlik yaşanıb. Amma bu o demək deyil ki, Amerika İspaniya istiqamətində, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə istədiyi qərara yaşıl işıq yandıra və sonradan təzyiq göstərərək məqsədinə nail ola bilər.
Politoloq Donald Trampın danışıqlarda dediyini, praktikada asanlıqla həyata keçirə biləcəyini düşünmədiyini vurğulayıb:
“Çünki İspaniya müstəqil dövlətdir, onun suveren hüquqları var və o, beynəlxalq hüquq normalarına riayət etməyi özünə borc bilir. Təsadüfi deyil ki, İspaniya İsrail dövlətinin Yaxın Şərq siyasətini bəyənmir və onu ən sərt tənqid edən ölkələrdən biridir. Rəsmi Madrid bildirir ki, Fələstin xalqının hüquqları tapdalana bilməz, fələstinlilər azadlıq əldə etməli və öz dövlətlərini qurmalıdırlar”.
İSPANİYADAN PRİNSİPİAL MÖVQE
O, əlavə edib ki, digər tərəfdən, İranla bağlı yaranmış böhran məsələsində də İspaniya prinsipial mövqe nümayiş etdirir:
“Bu, onu göstərir ki, Qərb dünyasında alternativ baxışlar formalaşmaqdadır. İsrailin Yaxın və Orta Şərqdə həyata keçirdiyi siyasət dünya birliyinin böyük əksəriyyətinin narazılığına səbəb olur. Artıq bir çoxları anlayır ki, bu proses təkcə bir ölkəyə, və ya xalqa qarşı yönəlmiş təhdid deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün risk yaradır. Üstəlik, İsrailin nüvə potensialına malik olması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”.

İSPANİYA–AMERİKA QARŞIDURMASINA GƏLDİKDƏ İSƏ...
Analitik hesab edir ki, bu, soyuq qarşıdurma xarakteri daşıyır:
“İnanmıram ki, ABŞ risk edərək İspaniyanın ərazisinə qarşı hər hansı açıq təcavüz addımı atsın və ya bəzi səsləndirilən iddiaları reallaşdırsın. Ümumiyyətlə, Donald Trampın ritorikası bəzən İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq sisteminə zidd təsir bağışlayır. Bu isə müsbət tendensiya deyil və ciddi narahatlıq doğurur. Böyük dövlətlərin gücdən və təsir imkanlarından təzyiq aləti kimi istifadə etməsi onların nüfuzuna xələl gətirir", - T.Abbasov deyib.
Analitik hesab edir ki, İspaniyanın və xüsusilə Baş nazir Pedro Sançesin sərgilədiyi mövqe müəyyən mənada siyasi “soyuq duş” effekti yaradır və tərəfləri daha realist, ölçülüb-biçilmiş qərarlar verməyə sövq edə bilər. İspaniya bu prosesdə tək deyil və onun mövqeyini bölüşən digər ölkələr, o cümlədən Avropa İttifaqına üzv dövlətlər də mövcuddur.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Tramp,İspaniya,Todaypress.tv,
