Tramp bu dəfə də HƏDƏLƏDİ: Münaqişə şiddətlənərsə, İranın...
Təhlil
12.03.2026 20:33
ABŞ Prezidenti Donald Tramp bildirib ki, münaqişə daha da şiddətlənərsə, Birləşmiş Ştatlar İranın elektroenergetika sistemini bir saat ərzində məhv edə bilər.
Politoloq Elçin Xalidbəyli Ağ Ev liderinin fikirlərini TodayPress TV-yə şərh edib.

Analitik bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlarda qarşıya qoyduğu vəzifələrin hamısına nail ola bilməyib və hələlik öz hədəflərinə çatmayıb.
Onun fikrincə, buna görə də Vaşinqton vəziyyətdən çıxış yolu kimi müxtəlif əlavə variantları sınaqdan keçirməyə çalışır.
“Bu variantlar sırasında İranın neft infrastrukturuna, sənaye müəssisələrinə və elektrik şəbəkələrinə zərbələrin endirilməsi də nəzərdə tutulur. Burada əsas məqsəd İranın daxilində mümkün qədər daha böyük xaos və böhran vəziyyəti yaratmaqdır”, - deyə ekspert vurğulayıb.
Siyasi şərhçi izah edib ki, İranda mövcud siyasi rejim ABŞ-nin hərbi əməliyyatlarına baxmayaraq tab gətirməyi bacarıb və bu səbəbdən müharibənin uzanma ehtimalı daha ön plana keçib.

O əlavə edib ki, bunu nəzərə alan Tramp administrasiyası İranı xaosa sürükləyəcək daha dağıdıcı addımlar atmaq barədə düşünür. Hesab olunur ki, belə addımlar atılacağı təqdirdə İran daha tez müddətdə təslim olar və bununla da savaş bitə bilər.
Xalidbəyli xatırladıb ki, müharibə uzandıqca ABŞ-nin hərbi xərcləri də artır:
“Savaşa xərclənən maliyyə vəsaitinin həcmi böyüyür. Buna paralel olaraq Vaşinqton rəhbərinin administrasiyası ABŞ daxilində siyasi və ictimai təzyiq dalğası ilə də üzləşib. Buna görə də Vaşinqton müharibəni mümkün qədər tez başa çatdıracaq variantları işə salmağa çalışır”.
Politoloqun sözlərinə görə, mövcud vəziyyətdə ABŞ-nin öz hədəflərinə qısa müddətdə nail olma ehtimalı yüksək görünmür və bu səbəbdən müharibənin nə qədər davam edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Aysel Mətləb
tag: Tramp,İran,Müharibə,Hədələdi,Elçin Xalidbəyli,TodayPress TV,
