Tbilisi seçim edəcək: Ya Rusiyaya qarşı SANKSİYA, ya da...

Təhlil

29.01.2026 16:31

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.

O, Tbilisinin Ukraynaya qoşun göndərməyəcəyini bir daha bəyan edib. Eyni zamanda Kiyevin Tbilisə səfir təyin etməsini müsbət addım kimi dəyərləndirib. 

Maraqlıdır, yaxın gələcəkdə Tbilisi Rusiyaya qarşı bu mövqeyini dəyişə bilərmi?   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Gürcüstanın hazırda belə bir mövqe sərgiləməsi normaldır:


"Çünki artıq Avropa, Amerika və beynəlxalq münasibətlər üzrə əksər ekspertlər belə qənaətdədirlər ki, Gürcüstandakı hazırkı hakimiyyət Rusiyanın təsiri altındadır və Rusiya ilə bağlıdır. Odur ki, fərqli bir mövqe gözlənilmir. Hesab edirəm ki, hazırda İvanişvilinin nəzarətində olan hakimiyyət daha çox Rusiya ilə yaxınlıq nümayiş etdirir. Bəzi məsələlərdə onlar müstəqil qərarlar verə bilərlər, amma strateji və ciddi məsələlərdə əsasən Rusiya ilə əməkdaşlıq edirlər. Buna görə də təbii olaraq Tbilisi Rusiya ilə qarşıdurmaya girməyəcək. Ən azı hazırkı hakimiyyət dönəmində Gürcüstan Rusiya ilə ziddiyyətli olmayacaq və sanksiyalara qoşulmayacaq".  

Analitik hesab edir ki, Gürcüstan sanksiyalara qoşulmayacaq: 

"Eyni zamanda bilirik ki, Gürcüstanda böyük gərginlik yarandıqda və xalq etiraz etdikdə hakimiyyətə dəstək əsasən Rusiyadan gəlir. Yəni onlar artıq bir-birini dəstəkləyən iki siyasi qüvvədir. Son vaxtlar Avropa İttifaqı və Amerika Gürcüstana münasibətdə bunu açıq şəkildə göstərir. Gürcüstana qarşı narazılığın əsas səbəbi də hakimiyyətin Rusiya ilə yaxın olmasıdır. Buna görə də zənnimcə, Gürcüstan Rusiya ilə əməkdaşlığını davam etdirəcək, sanksiyalara qoşulmayacaq və böyük ehtimalla diplomatik münasibətlər bərpa olunacaq". 

Xatırladaq ki, Gürcüstan rəsmiləri daha əvvəllər də dəfələrlə Tbilisin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan ediblər.    

Jalə Rövşən

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,Gürcüstan,Rusiya,Todaypress.tv,