"Sülh Şurası"na getməyəcək — Lukaşenkoya kim təzyiq edir?

Təhlil

12.02.2026 17:07

Belarus Prezidenti Aleksandr Lukaşenko “Sülh Şurası”nın Vaşinqton görüşündə iştirak etməyəcək. 


Bir sıra KİV yazıb ki, Lukaşenko əvvəlcə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə görüşə qatılmaq istəsə də, Rusiyanın güclü təzyiqləri nəticəsində bundan imtina edib. 

O, iştirak edə bilməyəcəyinə bəhanə kimi isə sıx qrafikini və Avropa sanksiyalarına görə hava məkanın bağlanmasını göstərib. 

Yayılan məlumatları TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Rusiyanın təzyiqi ilə bağlı təsdiqlənmiş fakt olmadığı üçün ABŞ-nin bu istiqamətdə hər hansı addımla cavab vermə ehtimalı yoxdur: 


“ABŞ bu formatdan qlobal diplomatiyada aktiv rol oynamaq üçün istifadə etməyə çalışır və məhz bu səbəbdən Minsklə dialoqu davam etdirmək istəyir. Vaşinqtonda nəzərdə tutulan “Sülh Şurası”nın ilk iclası, bildiyiniz kimi, fevralın 19-da keçiriləcək. Belarus tərəfinin səbəblər arasında sanksiyaları və xüsusilə Avropa hava məkanının Belarus üçün bağlı olmasını qabartması, əslində, bu istiqamətdə ABŞ-nin addımlar atması ilə bağlı mesaj kimi qiymətləndirilir və hesab edirəm ki, Prezident Lukaşenkonun Qərbə meyilləri də məhz bu mesajda öz əksini tapır”.

Ç.Şahbazinin sözlərinə görə, əslində, dünyada baş verənlər və Rusiyanın bu fonda sonu məlum olmayan Ukrayna torpaqlarında apardığı müharibə Lukaşenkonu da narahat edir. Bu səbəbdən Belarus Avropa İttifaqının sanksiyaları və Avropa hava məkanının ölkə üçün bağlanması ilə bağlı logistika çətinliklərini qeyd edir. Bunları arqument kimi göstərməkdə məqsəd Qərbə inteqrasiyanın təmin olunması üçün ABŞ-nin yardımına ehtiyac olduğunu vurğulamaqdır.

Analitikin fikrincə, belə olan təqdirdə, ABŞ də öz növbəsində Minsklə münasibətlərdə daha çox balanslı diplomatik üsullardan istifadə edəcək kimi görünür və münasibətlərin mürəkkəb dönəmdən daha çox mümkün qədər geniş dialoq kontekstinə gətirilməsində maraqlıdır. Yəni ABŞ “Sülh Şurası”nı qlobal sülh prosesində bir platforma kimi təqdim etmək istəyir. Bu baxımdan bir sıra ölkələri bu platformada birləşdirməyi hədəfləyir.

Qiymət Mahir

TodayPress TV

tag: Çingiz Şahbazi,Politoloq,Belarus ,Aleksandr Lukaşenko,Sülh Şurası,Todaypress.tv,