Si Cinpin-Tramp danışıqları NİYƏ İNTENSİVLƏŞİB? – KARTLAR açılır...

Təhlil

05.02.2026 17:00

"Pekin ABŞ-nin planlarından narahatdır".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.


O, qeyd edib ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışıqları təsdiqləyir: 

"Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Putinlə Cinpin arasındakı danışıqda Rusiyanın Çinə neft və qaz ixracı məsələsi müzakirə olunub. Bu mövzu ilk növbədə Kreml üçün önəmlidir, çünki Qərbin sanksiyaları səbəbindən Rusiya neft və qazını Çinə daha ucuz qiymətə satmaq məcburiyyətindədir. Donald Trampın təzyiqləri nəticəsində Hindistan Rusiyadan ucuz neft alışını xeyli azaldıb və bu da Rusiyanı faktiki olaraq tək bazarla üz-üzə qoyub".    

Analitik hesab edir ki, Rusiya və Çin isə real yardım göstərə bilmir:

 

"Putin və Si Cinpin telefon danışığında enerji məsələləri ilə yanaşı İran, Venesuela və Kuba ətrafında yaranmış vəziyyəti də müzakirə ediblər. Uşakov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri ya yaxındır, ya da tam üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itirib, Kubada isə vəziyyət daha da ağırlaşıb. Kuba Venesueladan aldığı ucuz neftdən məhrum olub, Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan onsuz da ağır vəziyyətdə olan Kuba iqtisadiyyatı daha da dərin böhranla üzləşir. Mövcud şəraitdə Rusiya və Çin Kubaya real yardım göstərə bilmirlər".

E.Şahinoğlu qeyd edib ki, Moskva və Pekin İranı itirmək istəmir:

"Putin və Cinpin ABŞ ilə münasibətləri də müzakirə ediblər və bu əsas mövzulardan biri olub. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Onlar İranı Venesuela kimi itirmək istəmirlər və müharibə başlasa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqlarına uyğundur. Rusiya Ukrayna müharibəsinə görə İrana birbaşa hərbi dəstək verə bilmir. Bununla belə, Çinin bu rolu qismən üzərinə götürdüyünə dair məlumatlar yayılıb. Son həftələrdə Çin hərbi təyyarələrinin İrana müxtəlif yüklər daşıdığı bildirilir. İranın hazırda ən çox ehtiyac duyduğu sahələrdən biri hava hücumundan müdafiə sistemləridir".

Onun sözlərinə görə, Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev rəhbərinin gələcək planlarını aydınlaşdırmağa çalışıb.


O bildirib ki, Trampın özünün “Truth Social” hesabında yazdığına görə, bu telefon danışığı kifayət qədər uzun və ətraflı olub. Tərəflər İran ətrafında yaranmış vəziyyəti, Rusiya–Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvan problemini müzakirə ediblər.

Ekspert əlavə edib ki, Donald Trampın aprel ayında Çinə səfəri gözlənilir:

"O, Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Tramp və onun administrasiyası üçün əsas strateji hədəf Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən ciddi şəkildə narahatdır. Pekinin əsas məqsədi isə Tayvanı nəzarətə götürməkdir. ABŞ isə Tayvana dəstəkdən imtina etmək niyyətində deyil". 

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Si Cinpin,Tramp,Todaypress.tv,