SEPAH liderləri öldü - xalq niyə ayağa qalxmır? Analitiklər cavab axtarır...
Təhlil
08.05.2026 13:21
Son aylarda SEPAH (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) və rejimin yüksək rütbəli komandirlərinin, o cümlədən kəşfiyyat rəhbərlərinin, hərbi-dəniz qüvvələri və aerokosmik qüvvələrin komandanlarının ardıcıl şəkildə hədəfə alınaraq öldürülməsi sistem üçün ciddi zərbə idi.
Hətta ali rəhbərlik səviyyəsində itkilərdən belə danışılır. Buna baxmayaraq, küçələrdə genişmiqyaslı xalq üsyanı müşahidə olunmur. Bu sual həm ictimaiyyəti, həm də siyasi analitikləri düşündürür: Niyə?
Cavab sadəcə “xalq qorxur” və ya “dəstək yoxdur” kimi sadə izahlarla məhdudlaşmır. Rejim illərdir belə ssenarilərə hazırlaşır və təhlükəsizlik strategiyasını mərhələli şəkildə dəyişib. Ənənəvi repressiya mexanizmləri - polis, Bəsic və SEPAH - artıq təkbaşına kifayət etmir. Hakimiyyət xalqın narazılığını və nifrətini çoxdan qəbul edib, buna görə də özünü cəmiyyətdən qorumaq üçün xarici muzdlu və ideoloji bağlı qüvvələrdən istifadə modelinə keçib.
"Hizbullah", Həşd əş-Şəbi, Fatemiyyun, Zeynəbiyyun və digər proksi qrupların minlərlə üzvünün İranın müxtəlif şəhərlərində, xüsusilə Tehran ətrafında strateji nöqtələrdə yerləşdirildiyi iddia olunur. Bu qüvvələr İran vətəndaşı deyillər. Onlar rejimin ideologiyasına bağlıdılar, lakin Tehran küçəsində etiraz edən bir gəncə qarşı güc tətbiq etmək onlar üçün “öz xalqına qarşı çıxmaq” deyil, sadəcə əmri yerinə yetirməkdir. Onların mənəvi bağı yoxdur və rejim üçün bu, ən etibarlı təhlükəsizlik mexanizmlərindən birinə çevrilib. Yerli qüvvələr bəzən tərəddüd edə bilər, amma xarici ideoloji milislərdə bu ehtimal daha aşağıdır.
SEPAH rəhbərliyinə endirilən zərbələr sistemin “beyin mərkəzinə” təsir edir: qərarvermə prosesi ləngiyir, koordinasiya zəifləyir, psixoloji sarsıntı yaranır. Lakin küçə səviyyəsində güc balansı dərhal dəyişmir. Silahlı patrullar, snayper mövqeləri, blokpostlar və repressiya infrastrukturu hələ də fəaliyyət göstərir. Silahsız, təşkilatsız və logistika baxımından zəif olan əhaliyə qarşı belə bir güc balansında açıq üsyan çox zaman inqilabdan çox, qırğın riski yaradır.
İran cəmiyyəti illər ərzində sistemli şəkildə silahsızlaşdırılıb. Silahlanma əsasən yalnız rejimə sadiq strukturların əlində cəmlənib. Digər tərəfdən, müasir üsyanların uğur qazanması üçün vacib olan amillər — ordu daxilində parçalanma, xarici siyasi və ya hərbi dəstək, koordinasiyalı müqavimət strukturları hələ tam formalaşmayıb.
Keçmiş etiraz dalğaları, xüsusilə 2022-ci il İran etirazları zamanı baş verən ağır itkilər cəmiyyətin yaddaşında qalıb. Minlərlə insan həyatını itirib, on minlərlə şəxs yaralanıb və ya həbs olunub. Xalq bu qiyamətin nə qədər ağır olduğunu yaxşı bilir.
Rejim də bunu anlayır. Onun hazırkı strategiyası yüksək səviyyəli itkilərə baxmayaraq, aşağı səviyyəli təhlükəsizlik aparatını, xüsusilə xarici və ideoloji bağlı qüvvələri — güclü saxlamaqdır. Bu, klassik “daxili işğal modeli"dir: hakimiyyətin öz vətəndaşlarından qorunmaq üçün kənar qüvvələrə arxalanması.
Bəs xalq buna niyə susur?
Onlar həqiqətən də qorxurlar? Yox, bu qorxaqlıq deyil, onlar reallığı dərk edirlər. İnsanlar anlayırlar ki, plansız və hazırlıqsız şəkildə küçəyə çıxmaq çox böyük insan itkisinə səbəb ola bilər. Buna görə də bir çoxları daxildəki zəifləməni, iqtisadi böhranı, hakimiyyət daxilindəki parçalanmanı və beynəlxalq təzyiqlərin artmasını gözləməyi daha rasional hesab edir.
Hazırkı mərhələdə SEPAH rəhbərliyinə endirilən zərbələr sistemin zəiflədiyini göstərir, amma bu, hələ hakimiyyətin çökməsi üçün kifayət etmir. Bu situasiyada İran cəmiyyətinin susqunluğu uyğun tarixi məqamı gözləmək strategiyası da ola bilər. Necə deyərlər, firtınadan əvvəlki susqunluq...
Rejim hələ güclü görünə bilər, lakin onun dayaqlarında çatlar artıq görünür. Xarici milislərə arxalanmaq qısa müddətdə effektiv görünsə də, uzunmüddətli sabitlik üçün davamlı model deyil. Şərtlər dəyişəndə bu strukturun özü də sürətlə dağılma riski ilə üzləşəcək.
Jalə Rövşən
tag: SEPAH,İran,Xalq,BƏSİC,Todaypress.tv,
