Paşinyanın gizli planı faş oldu: Qatı düşmənini niyə bu vəzifəyə gətirdi?

Paşinyanın gizli planı faş oldu: Qatı düşmənini niyə bu vəzifəyə gətirdi?
28.08.2026 16:45 Təhlil

Müxalifətdəki Güclü Ermənistan fraksiyasından olan deputat Harutyun Harutyunyan Ermənistan Respublikası Milli Assambleyasının Avropaya inteqrasiya üzrə daimi komitəsinin rəhbəri seçilib.

Gizli səsvermədən sonra 56 deputat onun namizədliyini dəstəkləyib, 48 nəfər isə əleyhinə səs verib.

Daha əvvəl Güclü Ermənistan müxalifət fraksiyasının üzvü Liana Manukyan da parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsinin sədri seçilib. Lakin Mülki Müqavilə fraksiyası bu komitənin sədrliyi üçün Güclü Ermənistanın üzvü Hayk Farmanyanın əleyhinə səs verib. Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etməsinin səbəb nə ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Ermənistan parlamentində “Güclü Ermənistan” fraksiyasının nümayəndəsi Harutyun Harutyunyanın Avropaya inteqrasiya üzrə daimi komitənin sədri seçilməsi Nikol Paşinyan hakimiyyətinin müxalifətə siyasi jesti deyil:


“Məsələni dərindən təhlil etdikdə deyə bilərik ki, bu, heç demokratik görüntü yaratmaq cəhdi də deyil. Əslində, hakimiyyətin bir neçə siyasi məqsədi eyni anda təmin etməsinə hesablanıb.

Məlumdur ki, Paşinyan hökuməti son illərdə Ermənistanın xarici siyasət kursunda Avropa istiqamətini xüsusi olaraq ön plana çıxarıb. Buna görə də Avropaya inteqrasiya komitəsinin rəhbərliyinin müxalifət nümayəndəsinə verilməsi hakimiyyət üçün müəyyən mənada rahat siyasi model yaradır. Yəni, Avropaya inteqrasiya artıq yalnız Paşinyan hökumətinin layihəsi kimi deyil, parlamentdə müxalifətin də iştirak etdiyi daha geniş milli siyasi proses kimi təqdim olunur. Harutyunyanın da öz çıxışında Avropa inteqrasiyasını praktiki proses, dövlət institutlarının gücləndirilməsi və xarici tərəfdaşların diversifikasiyası ilə əlaqələndirməsi bunu göstərir. Düzdür, Harutyunyan eyni zamanda bir asılılıq mərkəzindən digərinə keçməyin yolverilməz olduğunu da vurğulayıb, amma istənilən halda parlament müxalifəti belə bir postda öz namizədini irəli sürürsə, bu artıq çox şey deməkdir”.

Analitik, həmçinin əlavə edib ki, bu addım Paşinyana müxalifətin bir hissəsini siyasi sistemin daxilində saxlamaq imkanı verir. Güclü müxalifətçinin komitə rəhbərliyinə gətirilməsi ona həm real məsuliyyət, həm də real siyasi imkan verir. Bu isə müxalifətin yalnız küçədən və ya kənardan tənqid edən qüvvə kimi deyil, dövlət idarəçiliyinin müəyyən sahələrində məsuliyyət daşıyan aktor kimi görünməsinə səbəb olur. Beləliklə, hakimiyyət gələcəkdə həmin müxalifətin tənqidlərinə qarşı “siz də bu prosesin içindəsiniz” arqumentindən istifadə edə bilər.

“Daha bir mühüm məqam isə parlamentdə nəzarət görüntüsünün gücləndirilməsidir. Maraqlıdır ki, “Güclü Ermənistan”ın bütün namizədləri əvvəlcə avtomatik şəkildə dəstəklənməyib. Əksinə, əvvəlki namizəd Arega Hovsepyanın uğursuzluğundan sonra Harutyunyanın namizədliyi irəli sürülüb və məhz o, 56 səslə təsdiqlənib.

Ümumiyyətlə isə burada Paşinyanın siyasəti kifayət qədər rasional hesab oluna bilər. Bu addımla o, ən ciddi müxalifətçilərdən birinə yüksək profilli parlament postu verməklə həm demokratik legitimliyi nümayiş etdirmək, həm Avropaya inteqrasiya kursunun siyasi bazasını genişləndirmək, həm də müxalifətin bir hissəsini sistem daxilində məsuliyyət daşıyan aktora çevirmək imkanı əldə edir.

Bu baxımdan, söhbət Paşinyanın müxalifətə güzəştə getməsindən yox, müxalifətin müəyyən hissəsini öz siyasi oyun qaydaları daxilində idarəolunan institusional çərçivəyə cəlb etməsindən gedir”, - deyə R.Bayramov fikirlərini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər