Pezeşkian qonşularına səsləndi: "Əl-ələ verib bölgəni sakitləşdirməliyik"
İran Prezidenti Məsud Pezeşkian diplomatiyanı gücləndirməyin və qonşu ölkələrlə yaxşı münasibətlər qurmağın vacibliyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bölgənin təhlükəsizliyinin İslam ölkələri ilə birlikdə təmin edilməsinin mümkün olduğunu deyib.
“Diplomatiyamızı gücləndirməli və buna daha çox vaxt ayırmalı olduğumuz tamamilə doğrudur. Baxışımızı dəyişib, qonşularımızla yaxşı münasibətlər qurmağa çalışmalıyıq. Niyə İslam ölkələri ilə dava etməliyik, niyə birlikdə bölgənin təhlükəsizliyini təmin etməyək?” – deyə İran lideri bildirib.
Pezeşkian bunun səfərlər, dialoq və qarşılıqlı əlaqə yolu ilə mümkün olduğunu qeyd edib.
“Bu baxımdan Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir, Türkmənistan və ya digər ölkələrlə anlaşma əldə edə bilərik və bunun üçün də zəmin hazırdır.
Əgər baxış bucağımızı dəyişsək, müsəlman qardaşlarımızla asanlıqla əməkdaşlıq edə bilərik. Amma güc mövqeyindən danışmaq istəsək, qarşı tərəf də deyəcək ki, mənim də gücüm var. Biz əl-ələ verib bölgəni sakitləşdirməliyik”, – deyə Pezeşkian əlavə edib.