Sədd çəkənlər dünyasında ümid saçanlar... — Vatikandan sülh təşəkkürü!

Təhlil

06.02.2026 16:47

Roma Papası XIV Leo “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına məktub ünvanlayıb.


O, məktubunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Zarqa Yaftalinin bölünmələrin hökm sürdüyü dünyada ümid və həmrəyliyin rəmzinə çevrildiyini bildirib. 

Papa vurğulayıb ki, onların seçdiyi yol qarşıdurma deyil, əməkdaşlıq və insan qardaşlığıdır. Məktubda həmçinin bu təşəbbüsə verdiyi dəstəyə görə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyən xüsusi qeyd olunub.

Bu barədə TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Vatikan rəhbərinin Azərbaycan və Ermənistanla bağlı mesajı təkcə bu ölkələrə mənəvi dəstək deyil, ilk növbədə Avropaya ünvanlanan ciddi siyasi çağırışdır:


“Vatikanın dünya katoliklərinin, yəni böyük ölçüdə Avropanın mənəvi və dini himayəçisi kimi rolu bəllidir. Bu mesaj Avropa və ABŞ arasında mövcud gərginlik fonunda Azərbaycan və Ermənistanın sülh istiqamətində gördüyü işə verilən qiymət olmaqla yanaşı, eyni zamanda bu prosesin lideri kimi ABŞ Prezidenti Donald Trampla Avropa liderləri arasında ortaq məxrəcə gəlinməsi üçün bir çağırış xarakteri daşıyırdı. Bu məsələdə də Azərbaycan və Ermənistanın rolunun danılmazlığı etiraf edildi”.

Politoloqun sözlərinə görə, Roma Papasının bu yanaşması Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımların beynəlxalq miqyasda yeni mənəvi-siyasi legitimlik mərhələsinə keçdiyini göstərir:

“Bu yanaşma hər iki ölkənin dünyada sülh istiqamətində atdığı addımların beynəlxalq mənəvi-siyasi legitimlik qazandıran yeni mərhələ kimi qiymətləndirilməsi deməkdir. Roma Papasının müsəlman dünyasının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunduğu ölkə rəhbərlərinə göstərdiyi diqqət, əslində, öz mahiyyətindən daha böyük məna daşıyır”.

Azər Qasımov qeyd edib ki, bu addım dinlərarası dialoq və əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Bu, bir xristian ali dini rəhbərliyinin müsəlman dünyasının təsis etdiyi mükafatın mənəvi dəyərini qəbul etməsi anlamına gəlir və dinlərarası dialoq və əməkdaşlıq sahəsində mühüm addım kimi dəyərləndirilə bilər”.

Ekspertin qənaətincə, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh istiqamətində atdıqları addımların təsiri regional çərçivədən daha genişdir:


“Hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh istiqamətində atdıqları addımların dinlərarası dialoqa verdiyi töhfələr heç də regional sülhə verdikləri töhfələrdən az deyil. Bu istiqamətdə Azərbaycanın atdığı addımlar isə sözügedən töhfələrin formalaşmasında həlledici rol oynayır”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Vatikan,Sülh,Todaypress.tv,