Rusiyanın Yaxın Şərqdəki "İkibaşlı oyunu": "Kimin əli kimin cibindədir?"
Təhlil
10.02.2026 14:56
Yaxın Şərqdə vəziyyətin tezliklə sakitləşəcəyi gözlənilmir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Valday Beynəlxalq Müzakirə Klubunun 15-ci Yaxın Şərq Konfransında bildirib.

Bəs Rusiyanın bunda hansı maraqları var?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.

O, qeyd edib ki, Yaxın Şərqdə yaranmış vəziyyət dünyanın bir çox ölkəsini ciddi şəkildə narahat edir. Eyni zamanda, bu hadisələrdən faydalanmaq istəyən dövlətlər də mövcuddur və belə dövlətlərin sırasına Rusiya da daxildir:
"Rusiya Yaxın Şərqdə baş verənlərə, o cümlədən İran ətrafında yaranmış mürəkkəb situasiyaya əsasən iki istiqamətdə yanaşır. Birinci istiqamət ondan ibarətdir ki, Kreml İran ətrafındakı vəziyyətin mürəkkəbləşməsində, gərginliyin artmasında və Yaxın Şərqdə qarşıdurmanın dərinləşməsində maraqlıdır. Belə bir situasiya, ilk növbədə, əsas diqqəti Ukrayna savaşından uzaqlaşdırır və diqqəti Yaxın Şərqə yönəldir. Eyni zamanda, ABŞ və Qərb üçün ikiqat yük yaradır, çünki hazırda onlar həm Ukrayna savaşı, həm də Yaxın Şərqdəki mürəkkəb vəziyyətin yükünü eyni vaxtda daşımaq məcburiyyətindədir. Təbii ki, bu, Rusiyaya sərf edir, çünki Kreml bu vəziyyətdən istifadə edərək öz mövqelərini gücləndirmək imkanı qazanır".
Analitikin fikrincə, digər tərəfdən, Kreml Yaxın Şərqdə situasiya nə qədər mürəkkəbləşsə də, İranın Amerika Birləşmiş Ştatları tərəfindən birbaşa müdaxilə ilə qarşılaşmasında maraqlı deyil. Belə bir hərbi müdaxilə Rusiyanı daha bir önəmli müttəfiqdən məhrum edə bilər. Ona görə də əsas diqqət həm gərginliyin artmasına, həm də İranın bu gərginlik içərisində hərbi müdaxilədən qorunmasına yönəldilir.

Politoloq əlavə edib ki, Rusiya ikili siyasət yürüdür:
"Yəni Kreml üçün önəmli olan bu iki faktor xüsusi əhəmiyyət daşıyır. Rusiya bir tərəfdən gərginliyin artırılmasını qabartmağa çalışır, digər tərəfdən isə İrana qarşı hərbi müdaxilə ehtimalının zəiflədilməsində maraqlı olduğunu nümayiş etdirir. Hətta Rusiya və ABŞ arasındakı siyasi-diplomatik təmaslarda bu məsələnin qaldırıldığı haqqında məlumatlar mövcuddur".
E.Xalidbəyli son olaraq vurğulayıb ki, Kreml hazırda ikibaşlı oyun oynayır: gərginliyin artırılmasına dəstək verir, eyni zamanda İranın toxunulmazlığını qorumaq üçün mövqeyini ABŞ-nin diqqətinə çatdırır.
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Yaxın şərq,Todaypress.tv,
