Rusiyanın əzilən xalqları müharibədə “ət maşını”ndan necə keçirilir – azsaylı millətlərin qırğın rəqəmləri

Təhlil

08.05.2026 16:07

Rus çarlığı Sibirə doğru genişləndiyi dövrdə (1650-1700-cü illər) Buryat torpaqlarına, Baykal gölü ətrafına kazak dəstələri göndərdi. Buryatlar şiddətli müqavimət göstərirdi, amma rus ordusu üstün silah və sayı ilə onları məğlub etdi. Bu döyüşlərə tarixdə “Bratsk müharibələri” (Buryatlara “brat” – qardaş deyirdilər) deyilir. Müharibədən dərhal sonra onlara alçaldıcı münasibət belə idi: Buryatları “vəhşi tayfa”, “savadsız pərəstişkarlar”, “şamanist barbarlar” adlandırırdılar.  


Onları xristianlığa (pravoslavlığa) məcburi çevirməyə çalışırdılar -  məbədləri dağıdılır, şamanları təqib olunurdu.  

Ən yaxşı otlaq torpaqları rus köçkünlərə (kazaklara və fermerlərə) verirdilər. Buryatlar sürüləri ilə birlikdə dağlara, yoxsul ərazilərə sıxışdırılırdı.  

İasak vergisi (xəz və mal-qara ilə ödənilən ağır vergi) qoyulmuşdu. Vergi yığan məmurlar çox vaxt sui-istifadə edir, Buryatları döyür, mallarını əlindən alırdılar.  

Onların hətta rus məhkəməsində şahidlik etmək hüquqları belə məhdud idi, “ikinci sort” hesab olunurdular.

19-cu əsrdə Rus təzyiq siyasəti daha da gücləndi: Buryat dilini və mədəniyyətini “geri qalmış” sayırdılar.  

Məktəblərdə yalnız rus dili tədris olunurdu, Buryat tarixi “ruslar sizi mədəniləşdirdi” kimi tədris edilirdi.  

Bu dövrdə torpaqların böyük hissəsi rus köçkünlərə paylandı, Buryatlar azlıqda qaldı.

Çar imperiyası Buryatları və digər Sibir xalqlarını “kiçik qardaş” kimi görürdü — guya “azad edir və mədəniləşdirir”, amma əslində torpaqlarını alır, dilini basdırır və onları ikinci sort vətəndaş kimi saxlayırdı. 

Tarix bizə ikinci səhnədə daha dəhşətli tablo göstərir:

1944-cü ilin fevral ayı. Qarlı Qafqaz dağlarının arasında yerləşən Çeçen-İnquş respublikasında insanlar gecə yuxudan qapılarının sərt döyülməsi ilə oyandılar. NKVD əsgərləri evlərə soxulur, qadınları, uşaqları və qocaları küçəyə çıxarıb yük maşınlarına doldururdular. Onlara “Hamınız alman casususunuz!” deyə qışqırırdılar.

Bir neçə gün ərzində təxminən 387 min çeçen və 91 min inquş — demək olar ki, bütün xalq — mal-qara daşınan vaqonlara yerləşdirildi. Qapılar bağlandı, pəncərələr mıxlandı və uzun sürgün yolu başladı.


Həftələrlə davam edən səfər zamanı insanlar aclıq, susuzluq, soyuq və xəstəlik içində yaşayırdı. Minlərlə insan yolda həyatını itirir, onların cəsədləri vaqonlardan çölə atılırdı. Sağ qalanlar isə Qazaxıstanın və Sibirin buzlu çöllərinə göndərilir, ağır şəraitdə yaşamağa məcbur edilirdi.

Bu faciə yalnız onlarla bitmədi, 1943-cü ildə Kalmıklar tamamilə deportasiya olundu. 1944-cü ildə 200 mindən çox Krım Tatarı Sibirə və Orta Asiyaya sürgün edildi. Qaraçaylar, Balkarlar və Mesxeti türkləri də “xalq düşməni” elan edilərək yurdlarından qovuldu. Volqa Almanları isə müharibənin ilk günlərində deportasiya olunan xalqlardan biri oldu.

1937-ci ildə isə oxşar repressiyalar Buryat xalqına qarşı da həyata keçirildi. Baykal gölü ətrafında yaşayan Buryatlar üçün sakit görünən bir səhər Stalin rejiminin sərt qərarı ilə dəyişdi. “Buryat-Monqol Muxtar Respublikası” parçalandı, ərazisinin böyük hissəsi rus vilayətlərinə verildi və respublikanın adından “Monqol” sözü silindi. Buryat ziyalıları, rəhbərləri və Buddist lamasları kütləvi şəkildə həbs olundu. On minlərlə insan güllələndi və ya Qulaq düşərgələrinə göndərildi.

Məktəblərdə uşaqlara öz dillərinin, dinlərinin və adətlərinin “geri qalmış” olduğu deyilirdi. Ruslaşdırma siyasəti nəticəsində Buryat torpaqları rus köçkünlərə paylandı, onların dili sıxışdırıldı və milli mədəniyyətləri “millətçilik” damğası ilə təqib edildi.


 Stalin niyə belə edirdi?

Stalin bütün “qeyri-rus” xalqları potensial “düşmən” kimi görürdü. Qorxurdu ki, müharibə zamanı ona xəyanət edərlər. Ona görə də bütün xalqı cəzalandırırdı — qadın, uşaq, qoca fərq etmədən. 

Milyonlarla insan öldü, dillər, mədəniyyətlər zədələndi, torpaqlar itirildi. “Rəngarəng SSRİ” afişalarında gülümsəyən xalqlar şəkli asılır, amma reallıqda onları “ikinci sort” kimi məhv edirdilər.

2026-cı ilin may ayına olan məlumata görə, Rusiya Ukrayna müharibəsində ölən hərbçilərin etnik mənsubiyyəti üzrə rəsmi statistika açıqlamır. Bununla belə, Mediazona və BBC Russian jurnalistləri nekroloqları, sosial media paylaşımlarını və açıq rəsmi məlumatları araşdıraraq 2026-cı ilin aprel ayına qədər 213.858 nəfərin ölümünü adbaad təsdiqləyiblər. Araşdırmaçılar hesab edir ki, bu rəqəm real itkilərin yalnız 45–65%-ni əhatə edir. Ümumi ölənlərin sayının təxminən 300–400 min arasında olduğu ehtimal edilir.


Ən ağır itkilər etnik azlıq xalqları arasında müşahidə olunur. Xüsusilə Sibir və Uzaq Şərq bölgələrində yaşayan xalqlar müharibədən qeyri-proporsional şəkildə zərər görüblər.

Ən yüksək itki göstəricisi Tuva Respublikasında qeydə alınıb. Tuvinlər arasında hər 10.000 kişiyə 120 ölüm düşür. Bəzi hesablamalarda bu rəqəm 100.000 nəfərə 476 ölüm kimi göstərilir. Kiçik kəndlərdə demək olar ki, bütün gənc kişilərin müharibədə həyatını itirdiyi bildirilir.

Buryatiyada da vəziyyət son dərəcə ağırdır. Buryatlar arasında hər 10.000 kişiyə 91 ölüm qeydə alınıb ki, bu da təxminən hər 100.000 nəfərə 400 ölüm deməkdir. Bəzi kiçik kəndlər xüsusi diqqət çəkir: cəmi 525 nəfər əhalisi olan Çikoy kəndindən 10 nəfər, 900 nəfərlik Khargana kəndindən isə 12 nəfər müharibədə ölüb.


Altay Respublikasında isə hər 10.000 kişiyə 89 ölüm düşür. Çukçi, Nenet, Evenk və digər kiçik Sibir xalqları arasında da əhalinin az olmasına baxmayaraq itki səviyyəsi çox yüksəkdir.

Bu statistika Moskva və Sankt-Peterburq ilə müqayisədə kəskin fərq göstərir. Moskva şəhərində hər 10.000 kişiyə cəmi 3 ölüm düşür. Bu isə bəzi etnik bölgələrdəki itki səviyyəsinin paytaxtdan 27–40 dəfə daha yüksək olduğunu göstərir.

Digər etnik xalqlar arasında da itkilər olduqca yüksəkdir. Dağıstanda 2.000-dən çox ölüm faktı təsdiqlənib və ən ağır itkilərin əsasən regionun cənub hissəsində qeydə alındığı bildirilir.

Çeçenistanda isə vəziyyət daha qapalıdır. “Kadırovçular” adlandırılan Çeçen birliklərinin itkiləri rəsmi statistikada nisbətən az göstərilir — təxminən 250–500 nəfər arası. Lakin Ramzan Kadırov müxtəlif çıxışlarında dəfələrlə ciddi itkilər verildiyini etiraf edib. Məsələn, bəzi hallarda bir döyüşdə 23 nəfərin öldüyünü açıq şəkildə bildirib.

Başqırdlar və Tatarlar arasında da itkilər son dərəcə yüksəkdir. Müxtəlif hesablamalara görə, Başqırdlar arasında 9.500-dən çox, Tatarlar arasında isə 8.000-dən çox ölüm qeydə alınıb. Bu rəqəmlərin bəziləri artıq SSRİ-nin Əfqanıstan müharibəsində verdiyi ümumi itkilərlə müqayisə olunur və bəzi hallarda onları keçir.

Bu xalqlar yoxsul regionlardan gəlir. Orduya könüllü getmək, pul üçün yeganə işdir. Hökumət onları ön xəttə, ən təhlükəli əməliyyatlara göndərir. Etnik batalyonlar (“Buryat”, “Tuvan”, “Axmat” və s.) televiziyada “rəngarəng Rusiya” kimi göstərilir, amma reallıqda “top əti” kimi istifadə olunur.

Sonluğa əvəz:

Ukrayna savaşı rus cəmiyyətini yenidən təşkil edir. Ola bilsin ki, biz buna daha çox dizayn edilir kimi baxırıq, lakin aparıcı rus düşüncəsi bu yöndədir ki, Rusiyada kim artıqdır və yaşamağı haqq edirsə, ona vətəndaşlıq imkanları tanınmalıdır. Rusiya demək imperiya deməkdir, imperiya isə cütbaşlı qartalın amansız savaşları əsasında qurulub, rus xalqı ikinci dünya müharibəsindən sonra kiteldən çıxıb, yan gəlib yatıb və savaşları unudub deyilir. Bir sırıqlıda, soyuq çöllərdə bir buxanka qara çörək və soyutma kartofla imperiya idealları yaşayıbsa, indi nə üçün savaşa soxulan cəmiyyət müharibə vərdişlərini bərpa etməsin və bunu bərpa edərkən, daxili hesablaşmaları da paralel qaydada həyata keçirib, Stalinsayağı “alaq otlarından” - yəni etnik, yerli xalqlardan təmizlənməsin ki?


İkinci tablodan görürük ki, müharibə daxili nifrəti daha da alovlandırıb, 

Sosial şəbəkələrdə və radikal millətçi (“vatnik”) çevrələrdə etnik azlıq xalqlarına qarşı ayrı-seçkilik və alçaldıcı münasibət açıq şəkildə müşahidə olunur. Xüsusilə Buryat və Tuvan əsgərlər haqqında tez-tez təhqiredici ifadələr işlədilir və onları “Putinin ən yaxşı top əti” adlandıraraq lağa qoyurlar. 

Gündəlik danışıqda və internet mühitində “çurka”, “savadsız”, “qara quyruq” kimi irqçi və aşağılamaq məqsədi daşıyan sözlər hələ də geniş yayılmış vəziyyətdədir. Bu cür ifadələr əsasən Qafqaz, Orta Asiya və Sibir xalqlarına qarşı işlədilir.

Moskva və digər böyük şəhərlərdə etnik görünüşə malik insanlar polis tərəfindən daha çox yoxlanılır və sənəd nəzarətinə məruz qalır. Mənzil elanlarında isə “Yalnız slavyanlar” kimi ifadələrə hələ də rast gəlinir və bu, bir çox hallarda adi və normal qəbul olunur.

Bəzi etnik azlıq fəalları və təşkilatları bu vəziyyəti açıq şəkildə tənqid edirlər. Məsələn, “Free Buryatia Foundation” nümayəndələri bildirirlər ki, Buryat və digər Sibir xalqlarının nümayəndələri Ukraynaya “denazifikasiya” adı altında göndərilsələr də, özləri Rusiyanın daxilində ksenofobiya və irqçiliklə üzləşirlər.

Onların fikrincə, müharibə yalnız xarici siyasət məsələsi deyil, həm də Rusiyada uzun illərdir davam edən imperiya düşüncəsinin bir hissəsidir. Aktivistlər iddia edirlər ki, ölkədə slavyan mərkəz bölgələri üstün mövqedə saxlanılır, Sibir, Qafqaz və digər etnik xalqlar isə çox vaxt “ikinci sort” vətəndaş kimi qəbul olunur.

Bu fəallar müharibəni “ksenofob xarakterli” adlandırır və bildirirlər ki, ən ağır insan itkisi məhz iqtisadi cəhətdən zəif, siyasi təsir gücü az olan milli respublikaların üzərinə düşür. Onların sözlərinə görə, bu vəziyyət etnik bərabərsizliyi daha da görünən edib.

General-mayor İlya Baldinov  Böyük Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Digər məşhur ad isə Buryat snayperi Jambıl Tulaev idi. O, rəsmi məlumatlara görə 262 alman əsgərini məhv etmiş və döyüşlərdəki effektivliyinə görə “Qara ölüm” ləqəbi qazanmışdı.

Tuva 1944-cü ildə SSRİ-yə birləşdirilsə də, ondan əvvəl Tuvan Xalq Respublikasının öz ordusu mövcud idi. İkinci Dünya Müharibəsi zamanı Tuvan könüllüləri sovet tərəfində döyüşə qatılmışdı. Alman əsgərləri onların qəfil və sərt hücumlarına görə Tuvan süvarilərinə “Qara Ölüm” (“Schwarze Tod”) deyirdilər. Tuvan tankçıları və süvariləri xüsusilə 2-ci Ukrayna cəbhəsində iştirak etmiş və bəziləri Sovet qəhrəmanı adına layiq görülmüşdü.


Qafqaz və Volqa bölgəsinin xalqları da Rusiya ordusuna böyük töhfə veriblər. Başqırlar, Tatarlar və Dağıstan xalqları həm Çar ordusunda, həm də Sovet ordusunda çoxlu zabit və generallar yetişdiriblər. Onlar Napoleon müharibələrində, Krım müharibəsində və digər hərbi kampaniyalarda fəal iştirak ediblər.

Kalmıklar isə atlı dəstələri ilə məşhur idilər. Xüsusilə I Pyotr dövründə və sonrakı imperiya müharibələrində Kalmık süvariləri sürətli hücumları və döyüş bacarıqları ilə tanınırdı. 

Tarixdə üç mərhələ var:

Pyotr və Aleksandırın Rusiyasında - yerli etnik xalqlar istismar edildi. əraziləri köçürülən ruslara bağışlandı.

Stalin dövrü -  sözügedən xalqları ata ocağından süpürüb Orta  Asiyaya atdılar 

Putin dövrü – yenə də ölüm qazanında azsaylı xalqların nümayəndələri qaynamaqdadır.

Doğrudan da, onların niyə azsaylı xalq olduqlarını göstərən ən acı ölçü vahidi elə Rusiyanın tarixidir. 

Və təəssüf ki, bu təkcə Rusiyanın da tarixi deyil. Elə bizim də tariximizdir, özü də qanlı -qadalı, soyqırımlar, işğallar və köçürülmələrlə dolu  Azərbaycanın tarixi.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı


tag: Rusiya,Xalq,İtki,Kazak,Todaypress.tv,