"Rusiya İranın vurulmasına qarşıdır, çünki..." – Bogdan Bezpalkonun ŞƏRHİ

Təhlil

07.03.2026 13:30

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar dərhal dayandırılmalıdır.  

Maraqlıdır ki, Rusiya özü İsrail-İran-ABŞ müharibəsində hansı mövqedə dayanır? 

Sözügedən məsələni rusiyalı politoloq Bogdan Bezpalko TodayPress TV-yə şərh edib. 

O bildirib ki, Rusiya İranın vurulmasına qarşı çıxır və bu mövqeyini açıq şəkildə bildirir: 

“Rusiya rəhbərliyi hesab edir ki, bu münaqişə yalnız Yaxın Şərqdə deyil, həm də Qafqaz regionunda sabitliyə ciddi təhlükə yarada bilər”. 

Analitik qeyd edib ki, bununla yanaşı, ölkəsi  birbaşa münaqişənin iştirakçısı deyil və İsraillə uzunmüddətli, yaxşı münasibətləri qoruyur. Bu balanslı yanaşma ona imkan verir ki, diplomatik səylərini həm İran, həm də İsrail ilə əlaqələrini nəzərə alaraq davam etdirsin.  

B.Bezpalko sonda diqqətə çatdırıb ki, Rusiya İrana qarşı təhdidlərə qarşıdır: 

“İran  Rusiyanın dostu və strateji tərəfdaşıdır. Lakin ABŞ və İsrail açıq şəkildə İrana dövlət olaraq son qoymağı hədəflədikdə, Rusiya təbii olaraq buna qarşı çıxır və öz mövqeyini beynəlxalq səviyyədə müdafiə edir. Bu yanaşma Rusiyanın regional və qlobal siyasətində sabitliyi qorumaq məqsədini əks etdirir”. 

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-dən başlayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Bogdan Bezpalko,Politoloq,Rusiya,İran,Todaypress.tv,