Rusiya bazalarının taleyi MASADA: Əl Şaraa Putindən nə istəyəcək?

Təhlil

27.01.2026 13:46

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti  Əl Şaraa  yanvarın 28-də Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Onun Putinlə bəzi vacib məsələləri müzakirə edəcəyi, bir sıra vacib sənədlər imzalayacağı gözlənilir.

Gözlənilən görüşlə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Əziz Əlibəyli səfərin Rusiyanın Suriyada yerləşən hərbi bazaları ilə bağlı olduğunu düşünür: 


“Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin dönəmindən bəri Rusiyanın burada hərbi bazaları mövcuddur: Tartus dəniz logistika bazası və Latakiyanın 20 km cənub-şərqində yerləşən Hmeymim aviabazası. Bu bazaların gələcək taleyi hələ də açıq qalır.

15 oktyabrda Əl Şaraa Moskvaya səfəri çərçivəsində Vladimir Putinlə görüşdü və media bu görüşlə bağlı belə bir məlumat yaydı ki, o, hərbi bazalar qarşılığında Rusiyadan Əsədi təhvil verməyi tələb edib. Lakin Suriya ərazisində Rusiya hərbi bazalarının mövcudluğu o qədər strateji əhəmiyyət daşıyır ki, Əsəd kimi bir fiqur bunun qarşısında olduqca kiçik görünür. Bu baxımdan növbəti səfərin də yenə həmin hərbi bazalarla bağlı olacağını düşünürəm”.

Ekpert qeyd edib ki, Rusiya ilə Suriya arasında 1944-cü ildən etibarən diplomatik münasibətlər mövcuddur və Rusiya tarixən Yaxın Şərqdə əsas oyunçuya çevrilmək üçün davamlı şəkildə mübarizə aparıb:

“Əsədin uduzduğu bir mərhələdə Rusiya hansı yolla olursa-olsun bölgədə qalmağa çalışacaq. Ancaq bu, heç bir halda hərbi yol olmayacaq. Çünki Rusiya faktiki olaraq Əsədin timsalında regionda ciddi məğlubiyyətə uğradı. Onu da qeyd etmək lazımdır ki, hazırda dörd mindən artıq suriyalı Rusiya ali təhsil müəssisələrində oxuyur. Eyni zamanda düşünürəm ki, müxtəlif formatlarda kapital qoyuluşları da gündəmə gələ bilər. Çünki bu mərhələdə Rusiya iqtisadiyyatının ciddi şəkildə dirçəlməyə ehtiyacı var”. 

Qiymət Mahir

TodayPress TV

tag: Əziz Əlibəyli,Ekspert,Rusiya,Suriya,Baza,Todaypress.tv,