Rumıniya yaşıl enerji dəhlizinə doğru: Azərbaycana nə vəd edir?

Təhlil

27.02.2026 23:13

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüsündə iştirak etmək arzusunda olduğunu bildirib. 

İqtisadçı Akif Nəsirli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu addım Azərbaycanın da Avropa bazarlarına çıxış imkanlarını genişləndirə və enerji ixrac gəlirlərini artıra bilər. 


"Rumıniyanın Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirak etdiyi yaşıl enerji dəhlizi layihəsinə qoşulmaq istəyi region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli nəticələr vəd edir". 

Ekspertin sözlərinə görə, Rumıniya Avropa İttifaqının (Aİ) üzvü kimi Cənub-Şərqi Avropada mühüm enerji qovşağı rolunu oynayır. Bu səbəbdən ölkənin layihəyə qoşulması Azərbaycan istehsalı olan yaşıl enerjinin Avropa bazarlarına daha sabit və böyük həcmdə ixracına şərait yarada bilər. Bu isə ölkənin enerji ixracından əldə etdiyi gəlirlərin artmasına töhfə verə bilər.


"Rumıniyanın iştirakı layihənin siyasi və geosiyasi çəkisini də artırır. Bu əməkdaşlıq Qara dəniz hövzəsində tərəfdaşlığı dərinləşdirə və Azərbaycanın regionda etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirə bilər. Avropanın enerji təhlükəsizliyinin prioritet olduğu bir dövrdə bu faktor xüsusi strateji əhəmiyyət daşıyır", - deyə o izah edib.

A. Nəsirli əlavə edib ki, infrastruktur baxımından da əlavə üstünlüklər mümkündür. 

Onun sözlərinə görə, elektrik enerjisinin Qara dəniz vasitəsilə ötürülməsi və mövcud şəbəkələrin inteqrasiyası daha geniş miqyas ala bilər ki, bu da uzunmüddətli perspektivdə yeni investisiyaların cəlb olunmasına, texnoloji əməkdaşlığın genişlənməsinə və enerji sistemlərinin modernləşdirilməsinə səbəb ola bilər. 

Ekspert hesab edir ki, rəqabətli və şaxələndirilmiş ixrac marşrutları Azərbaycanın enerji təhlükəsizliyini gücləndirə, tək bir istiqamətdən asılılığı azalda və risklərin daha balanslı bölüşdürülməsinə imkan yarada bilər.

"Nəticə etibarilə, Rumıniyanın layihəyə qoşulması Azərbaycan üçün həm iqtisadi gəlir, həm beynəlxalq nüfuzun artması, həm də enerji təhlükəsizliyinin möhkəmlənməsi baxımından müsbət perspektivlər vəd edir", - deyə iqtisadçı fikrini yekunlaşdırıb.


Qeyd edək ki, 2025-ci il aprelin 4-də Bakı şəhərində layihə çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Həmin görüşdə Azərbaycanın Energetika Nazirliyi, Bolqarıstanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, eləcə də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarəti ilə bağlı Anlaşma Memorandumu imzalanaraq, qarşıda duran işlərin qrafiki təsdiqlənib.

Aysel Mətləb

TodayPress TV

tag: Akif Nəsirli,Rumıniya,Azərbaycan,Yaşıl enerji,Gürcüstan,Türkiyə,Bolqarıstan,Todaypress.tv,