Qəzza üçün “Marşal planı”: 17 MİLYARD nəyi dəyişəcək?

Təhlil

20.02.2026 17:14

Bir sıra ölkələr Qəzza üzrə “Sülh Şurası”nın büdcəsinə ümumilikdə 7 milyard ABŞ dollarından çox vəsait yatırıblar. ABŞ-nin özünün isə 10 milyard dollar vəsait ayıracağı bəyan edilib.  

Maraqlıdr, bu vəsaitlər Qəzzanın taleyini necə dəyişəcək?    

Milli Məclisin deputatı Elman Nəsirov mövzunu TodayPress TV-yə şərh edib.   


Parlamentari əvvəlcə “Sülh Şurası”nın təsis olunduğu konfransa diqqət çəkib:

“Bu beynəlxalq platforma yanvarın 22-də Davosda Amerika prezidenti Donald Trampın təşəbbüsü ilə yaradıldı. Qurumun əsas məqsədi ilkin mərhələdə Qəzza bölgəsində sülhün, təhlükəsizliyin və bərpa işlərinin həyata keçirilməsi, daha sonra isə nizamnaməsinə uyğun olaraq dünyada beynəlxalq sülh və təhlükəsizliyin təmininə xidmət göstərməkdir”.

O, qeyd edib ki, bir çox ekspertlər bunun BMT-ni əvəz edə biləcək bir orqan olacağını bildirsələr də, Tramp bu yanaşmanı dəstəkləmir: 

"Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasına üzv dövlətlərin ilk iclasında Tramp ABŞ-nin BMT ilə əməkdaşlıq niyyətində olduğunu və beynəlxalq sülhə, təhlükəsizliyə real töhfə vermək istədiyini bir daha təsdiqləyib". 

Deputat bildirib ki, Azərbaycan da əsas təsisçi dövlətlərdən biridir:  


"Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında iştirak etdi. Qəzzanın bərpası və qlobal sülhə dəstək məqsədilə ABŞ tərəfindən 10 milyard dollar vəsait ayrılıb, digər iştirakçı dövlətlərin isə ümumilikdə 7 milyard dollar həcmində yardım ayırması nəzərdə tutulur.  Azərbaycanın Qəzza ilə bağlı prosesdə iştirakı isə daha sonrakı mərhələdə mümkün ola bilər.   

Ümumilikdə ilkin olaraq təxminən 17 milyard dollar vəsaitin ayrılması ciddi və əhəmiyyətli hadisədir. Tarixi paralel olaraq qeyd etmək olar ki, İkinci Dünya müharibəsindən sonra dağılmış Avropanın bərpası üçün ABŞ tərəfindən “Marşal planı” çərçivəsində də 17 milyard dollar vəsait ayrılmışdı". 

Ekspert hesab edir ki, bu təşəbbüs Qəzza bölgəsinin köklü şəkildə dəyişməsinə, onun sülh və sabitlik məkanına çevrilməsinə, qaçqınların öz yurdlarına qayıtmasına imkan yarada bilər. Eyni zamanda bu, ABŞ-nin və onun prezidentinin dünyada sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış etmək niyyətini göstərən ciddi mesajdır. 

E.Nəsirov sonda əlavə edib ki, ümumilikdə, Vaşinqtonda keçirilən bu tədbirin Qəzzanın bərpası və bölgədə təhlükəsizlik mühitinin formalaşması baxımından mühüm rol oynayacağı gözlənilir.  


Qeyd edək ki, fevralın 19-da Vaşinqtonda “Sülh Şurası”nın ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.    

Jalə Rövşən

TodayPress TV

tag: Elman Nəsirov,Deputat,Qəzza,Marşal,Todaypress.tv,