Qərargah rəisləri TƏCİLİ toplanır! - "Məkkə Sazişi" ilə ilk addım

Qərargah rəisləri TƏCİLİ toplanır!  - "Məkkə Sazişi"  ilə ilk addım
25.09.2026 12:48 Təhlil

Husilərin Səudiyyə Ərəbistanına hücumlarını artırması Yəmən cəbhəsini yenidən regional qarşıdurmanın mərkəzinə gətirir.

Raket və dron hücumlarının intensivləşməsi artıq təkcə Riyadı yox,  Türkiyə və Pakistanı da hərbi əməkdaşlığı gücləndirməyə sövq edir. Sentyabrın 25-də Nyu-Yorkda Səudiyyə, Türkiyə və Pakistanın xarici işlər nazirləri görüşüb və qərargah rəislərinin təcili toplantısının təşkili məsələsini müzakirə ediblər. 


Üç ölkənin baş qərargah rəislərinin təcili görüşünün hazırlanması Səudiyyə Ərəbistanının təhlükəsizlik məsələsinə daha geniş koalisiya çərçivəsində yanaşdığını göstərir.

İranın mövqeyində isə müəyyən dəyişiklik görünür.

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 24-də "Fox News"un “Special Report” proqramına müsahibəsində “Husilər öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar, onlar bizdən göstəriş almırlar” deyib.

Pezeşkianın bu sözü Tehran üçün Yəmən cəbhəsini ABŞ ilə  birbaşa qarşıdurmadan ayırmaq cəhdi kimi qiymətləndirilə bilər. Çünki İran hazırda həm ABŞ ilə diplomatik təmas imkanlarını qorumağa, həm də Hörmüz boğazının açılması məsələsində danışıqlar aparmağa çalışır.

Başqa tərəfdən, Husilərin Səudiyyəyə təzyiqi İran üçün də risk yaradır. Hücumlar genişləndikcə Riyadın hərbi tərəfdaşları artır, İranın regional müttəfiqlərinə qarşı daha geniş müdafiə xətti formalaşır. Üstəlik, Səudiyyənin enerji infrastrukturu və Qırmızı dəniz marşrutlarının təhlükəsizliyi məsələsi artıq təkcə Yaxın Şərq problemi deyil.

Hörmüz boğazında gəmiçiliyin azalması ilə Yəməndə Husilərin fəallaşması eyni vaxtda baş verdiyi üçün bölgədəki hər yeni hücum enerji bazarlarına və beynəlxalq ticarətə birbaşa təsir göstərə bilər. İranın Husilərdən məsafə saxlamağa çalışan açıqlamaları da məhz bu şəraitdə daha diqqətçəkən görünür.

Jalə Rövşən  

FOTOLAR

Qərargah rəisləri TƏCİLİ toplanır!  - "Məkkə Sazişi"  ilə ilk addım — 1
XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər