“Qara siyahı”dakı varis — Müctəba liderə çevriləcək?
Təhlil
25.02.2026 17:58
İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei illərdir Qərbin və İsrailin hədəfindədir, lakin oğlu Müctəba Xameneinin adı “qara siyahı”ya indi düşür.

Müctəbanın ictimai profili həmişə məhdud olub. O, heç bir rəsmi dövlət vəzifəsi tutmur, nadir hallarda müsahibələr verir və mediada az-az görünür. Buna baxmayaraq, atasının ardınca növbəti rəhbər - İranın Ali Dini Lideri ola biləcəyi ehtimalı səbəbindən onun adı son zamanlar daha çox xatırlanır.
Müctəbanın gələcəyi ilə bağlı suallar hələ də qalmaqdadır. Maraqlıdır, o, pərdəarxası nüfuzlu oyunçuya, yoxsa ölkənin əsl rəsmi liderinə çevriləcək?
İRANDAKI SON VƏZİYYƏT
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov İrandakı son vəziyyəti şərh edib:

“İranda sakitlik dövründən fərqli olaraq, vəziyyət hakimiyyətin bütün sahələrində çox ciddi və gərgindir. Yaxın bir neçə ayda İranda hadisələrin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı proqnoz vermək çətindir. Məhz buna görə də bu gün belə bir sual aktuallaşır: Əli Xameneinin hakimiyyətdən gedəcəyi, yaxud ABŞ və ya İsrail tərəfindən aradan götürüləcəyi, ya da öz əcəli ilə vəfat edəcəyi təqdirdə onu kim əvəz edəcək? Təbii ki, onun oğlu Müctəbanın adı bu istiqamətdə hallandırılır. Amma bu nə dərəcədə dəqiqdir?”.
MÜCTƏBA HAKİMİYYƏTƏ GƏLSƏ...
Ekspert İranda Müctəbanın hakimiyyətə gəlməsinə birmənalı yanaşılmadığından bəhs edib:
“Bəzi qüvvələr onun bu vəzifəyə yetərincə hazır olmadığını bildirirlər. Müctəbanın siyasi və dini fəaliyyəti də kifayət qədər görünən deyil. Onun haqqında İranın Ali Dini Lideri kimi danışılmır və o, bu cür təqdim edilmir. Bu imkanlara malik olub-olmadığını demək də çətindir. Müctəba siyasi həyatdan kənardadır. Bu onu ətraf təsirlərdən qorumaq məqsədi daşıyır, yoxsa özü bu imkanlara malik olmadığı üçün ictimai-siyasi həyatda rol oynamır — bunu söyləmək çətindir. İstənilən halda, bu gün müxtəlif variantlar arasında onun da adı hallandırılır, lakin adının çəkilməsi onun mütləq Xameneini əvəz edəcəyi anlamına gəlmir”.

Ə.İbrahimov İranda Xameneinin yerini tuta biləcək kifayət qədər ciddi, hətta Müctəbadan daha güclü hesab edilən simalar mövcud olduğunu diqqətə çatdırıb:
“Bu gün Xameneinin öz yerinə oğlu Müctəbanı hazırlaması ilə bağlı fikirlər isə daha çox şayiə xarakteri daşıyır. Çünki İranda hakimiyyətin miras yolu ilə ötürülməsi indiyə qədər baş verməyib. Ruhullah Xomeyninin də oğlu var idi və əgər istəsəydi, onu öz yerinə gətirə bilərdi. Lakin belə olmadı. Bu fakt deməyə əsas verir ki, Əli Xamenei də Müctəbanı öz yerinə varis kimi görməyə bilər. Amma bu o demək deyil ki, Müctəbanın atasının yerini tutması mümkünsüzdür. Hər halda, İranda vəziyyət çox gərgindir və hadisələri dəqiq proqnozlaşdırmaq mümkün deyil. Son hadisələrlə bağlı olaraq İranda bir çox vəzifələr üzrə alternativ şəxslər — dublikat təyinatlar həyata keçirilib. Hətta məlumata görə, bəzi vəzifələr üçün dörd nəfər müəyyənləşdirilib ki, zərurət yaranarsa, biri digərini əvəz edə bilsin. Demək olar ki, bütün vəzifələr üzrə əvəzləyici mexanizm mövcuddur — Xameneidən başqa. Bu yer üçün isə özünün təyin etdiyi Əli Laricani var”.
![]()
Analitikin fikrincə, İranın qarşısında duran əsas məsələ ABŞ-nin İrana hücum edib-etməməsidir. Bundan sonra vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini daha konkret söyləmək mümkün olacaq.
O düşünür ki, ABŞ və İran arasındakı məsələ həll olunduqdan sonra ölkə daxilində liderlik məsələsinə də baxılacaq, yəni Xameneinin səlahiyyətlərinin kimə ötürüləcəyi gündəmə gələ bilər:
“Xamenei artıq həm yaşlıdır, həm də səhhəti ilə bağlı problemlərinin olduğu bildirilir. Hətta onu sağlığında dəyişməyi düşünənlər də var”.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,Müctəba Xamenei,İran,Todaypress.tv,
