Prezident Əliyevin iclasında - Zəngəzur dəhlizinin xəritəsi çəkildi

Prezident Əliyevin iclasında - Zəngəzur dəhlizinin xəritəsi çəkildi
22.09.2026 15:02 Təhlil

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" ictimaiyyətə təqdim edildi.

Çıxışda adı keçən ərazilərin coğrafiyasına diqqət yetirək: Kəlbəcər, Ağdərə, Laçın, Zəngilan — hamısı 2020-ci il Vətən müharibəsindən sonra azad edilmiş torpaqlardır.

Daşkəsən və Balakən ("Filizçay" yatağı) isə Azərbaycanın qərb istiqamətindəki sənaye potensialını müəyyən edir. Naxçıvan MR isə xəritənin cənub-qərb nöqtəsi kimi Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir.

5,3 milyard manat həcmindəki investisiya proqramı işğaldan azad edilmiş ərazilərdə dövlət mövcudluğunun iqtisadi güclənməsinə həsr edilib.

Müşavirədə Naxçıvan MR xüsusi yer tutdu.

Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə birgə geoloji kəşfiyyat müqaviləsi, "Ortakənd" qızıl yatağının 2029-cu ildə istismara verilməsi planı, "Göydağ" və "Başkənd" yataqları üzrə işlər  hamısı Naxçıvanın Azərbaycanın sənaye xəritəsinə inteqrasiyasının sürətlənməsiylə bağlıdır. 

Lakin bu inteqrasiyanın tam mənasını qazanması üçün bir şərt icra olunmalıdır. 

Naxçıvanla əsas ölkə ərazisi arasında nəqliyyat əlaqəsinin bərpası.

Məhz buna görə Zəngəzur dəhlizi məsələsi bu proqramın kontekstindən ayrılıqda düşünülə bilməz.

Zəngilan-Naxçıvan istiqamətindəki hər bir sənaye layihəsi mis, qızıl, polimetal, eyni zamanda dəhlizin açılması üçün iqtisadi arqument rolunu oynayır. Çünki resursların nəqli, emalı və ixracı üçün optimal marşrut Zəngəzur vasitəsilə keçir.

Dövlət Proqramı dolayısı yolla Zəngəzur dəhlizinin zəruriliyini iqtisadi dillə əsaslandırır.


Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağı — mis, sink, qurğuşun ehtiyatları baxımından Avropanın ən perspektivli yataqlarından biri kimi xarakterizə edilir. 29,7 milyard manat iqtisadi dəyəri olan bu yatağın 2031-ci ilə qədər tam istismara verilməsi planlanır.

Bu fakt Azərbaycanın Avropa ilə münasibətlərinin yalnız enerji (qaz) üzərindən qurulmuş əlaqəni aşdığını göstərir.

Kritik mineral təchizatı məsələsinin Avropanın siyasi gündəminin ön sıralarına çıxdığı bir dövrdə "Filizçay" yatağı potensial olaraq yeni bir əməkdaşlıq platformasına çevrilə bilər. Bu, eyni zamanda Azərbaycanın Avropa ilə "yalnız tranzit ölkə" çərçivəsini aşmaq üçün reаl bir alətdir.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər