Pezeşkianın həbsi gözlənilir? — SEPAH-ın əməli...
İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri fonunda onun ABŞ-də həbs oluna biləcəyi ilə bağlı açıqlama gündəmə gəlib. İran parlamentinin deputatı Qasım Rəvanbəxş Pezeşkianın ABŞ ərazisində saxlanılmasının mümkünlüyünü istisna etməyib və bunun İran üçün siyasi baxımdan mənfi nəticələrə səbəb ola biləcəyini bildirib.
Deputat, həmçinin Pezeşkianla ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşə münasibət bildirib. O, belə bir görüşün son anda ləğv edilə və ya ABŞ tərəfindən müəyyən şərtlərin irəli sürülə biləcəyini iddia edib.
Rəvanbəxşin bu açıqlaması İran-ABŞ münasibətlərində diplomatik təmasların davam etdiyi bir vaxtda səslənib. Bəs Pezeşkianın ABŞ-də həbs olunması real ssenari sayıla bilərmi?
Mövzu ilə bağlı Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami TodayPress TV-yə açıqlamasında məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Qasım Rəvanbəxşin açıqlaması daha çox xarici düşmən aktorunun İran daxilində möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər:
“Halbuki bu fikir çox yanlış zamanda səsləndirilib. Çünki Pezeşkianın Nyu-Yorka səfərinin özü belə göstərir ki, Vaşinqtonun onu həbs etmək kimi bir niyyəti yoxdur. Əksinə, Tramp administrasiyası İran Prezidentinin və xarici işlər nazirinin BMT Baş Assambleyasına gəlməsi üçün vizaların verilməsinə razılıq verib və bunu BMT-nin yerləşdiyi ölkə kimi ABŞ-nin üzərinə götürdüyü öhdəliklərlə əsaslandırıb. Bəlkə bu, İranın SEPAH rejiminin ürəyincə olardı, amma Amerika Pezeşkiana qarşı belə bir addım atmaz. Ən azı danışıqlar masasında Pezeşkianın qarşıdurmaya münasibəti hər kəsə bəllidir”.
Tamilla Qulami əlavə edib ki, Trampın Pezeşkianı Nyu-Yorkda həbs etdirməsi siyasi baxımdan da çox ağır nəticələr yarada bilər:
“Öncəliklə qeyd edim ki, bu, BMT Baş Assambleyasının diplomatik statusuna və ABŞ-nin ev sahibi ölkə kimi üzərinə götürdüyü öhdəliklərə ciddi zərbə vurar. Həmçinin belə absurd bir addım Vaşinqtonun Tehranla paralel apardığı diplomatik kanalları tamamilə bağlayar və müharibənin dayandırılması üçün danışıqlar imkanını zəiflədərdi. Halbuki bu gün tərəflər arasında vasitəçilər üzərindən təmasların davam etdiyi və Trampın da danışıqlardan müəyyən nəticə gözlədiyini bildirdiyi görünür.
Əsas məsələ isə budur ki, Tramp İranla münasibətlərdə sərt təzyiq siyasəti aparsa da, o, hər zaman sərtliklə diplomatiyanı bir-birindən ayıran bir fiqurdur. Pezeşkianın ABŞ ərazisində olması Vaşinqtona İran rəhbərliyinə birbaşa siyasi mesaj vermək, onun mövqeyini beynəlxalq auditoriya qarşısında eşitmək və mümkün danışıqlar üçün kanalı açıq saxlamaq imkanı verir. Bütün bunların fonunda ABŞ siyasi böhranın yaranması üçün ilk addımı niyə özü atsın ki?”
Analitik Rəvanbəxşin fikirlərini absurd və yerində olmayan yanaşma hesab edir.
“Məntiq etibarilə, Pezeşkianın Nyu-Yorka buraxılması Vaşinqtonun bu mərhələdə belə bir qarşıdurmanı seçmədiyini göstərən mühüm faktordur”, - deyə T.Qulami fikirlərini yekunlaşdırıb.
Qiymət Mahir