Pezeşkian üzr videosunda Azərbaycanın ADINI NİYƏ ÇƏKMƏDİ?
Təhlil
07.03.2026 17:29
İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycana qarşı həyata keçirilən dron hücumu məsələsinə də toxunub. O, baş verənləri inkar edib və hadisəni şayiə kimi təqdim edib.
Bu gün isə İran Prezidentinin videomüraciəti yayımlanıb. Pezeşkian İranın qonşu ölkələrə hücum etməyəcəyini bildirib və bu günə qədər edilən hücumlara görə üzr istəyib.
Maraqlıdır, İranın Naxçıvana dron hücumundan 2 gün keçir, lakin hələ də Pezeşkian hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamayıb. Videomüraciətdə də Azərbaycanın adı çəkilməyib.
Bəs rəsmi Tehranın bu mövqeyini nə ilə izah etmək olar?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov bildirib ki, Tehran rejimi bundan əvvəl də Bakını dəfələrlə təhdid edib və qeyri-dost münasibət sərgiləyib.

“Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də mülki obyektə və yaşayış evinə hava zərbələri endirilməsi beynəlxalq aləmdə də sərt təpkilərlə qarşılandı. Bununla molla hakimiyyəti öz əsl simasını və mahiyyətini ortaya qoymuş oldu”.
Analitik Pezeşkianın İranda real hakimiyyətə malik olmadığını deyib:
“Aydındır ki, İranda hakimiyyəti mühafizəkar qanad və onun əsas dayağı olan SEPAH idarə edir. Resurslara nəzarət də həmin korpusun əlindədir. Prezident Pezeşkian real hakimiyyətə malik deyil. Doğrudur, o, İranın seçilmiş prezidentidir və rejimin, İslam Respublikasının maraqlarını güdməlidir. Məncə, faktiki hakimiyyət onun əlində olsaydı, bəlkə də Azərbaycana qarşı hansısa formada hücum etməzdi”.
Ə.Orucov əlavə edib ki, müharibədə də səhnədə əsasən SEPAH və onun generallarıdır:

“Onların Azərbaycana qarşı düşmən mövqeyi də məlumdur. Rusiya Prezidenti V.Putinlə telefon danışıqları zamanı Pezeşkian üzr istədi. Təəssüf ki, Naxçıvanla bağlı baş verənlərdən yayınmağa çalışdı. Əlbəttə, dövlət başçısı olaraq Azərbaycan Prezidentinə üzr zəngi borcu var və bunu etməlidir. Onun inkarçı mövqeyi, düşünürəm ki, SEPAH və qatı mühafizəkarların təsirindən qaynaqlanır”.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Pezeşkian,Azərbaycan,Todaypress.tv,
