Paşinyanın “gözü yolda”: Sülhdən öncə sərhədlər açılacaq? – RƏY

Təhlil

12.02.2026 15:25

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib. 


Onlardan biri də TRIPP marşrutu və Gümrü-Qars dəmir yolunun açılması ilə bağlı olub.

Baş nazir bildirib ki, TRIPP marşrutu çərçivəsində Ermənistan-Türkiyə əlaqələrinin nizamlanması prosesinin məntiqi şəkildə başa çatdırılması, o cümlədən Gümrü-Qars dəmir yolunun açılması mühüm əhəmiyyət daşıyır.  

Maraqlıdır, Paşinyan bununla sülh sazişinin imzalanmasından əvvəl Türkiyə-Ermənistan sərhədinin açılmasınımı nəzərdə tutur? 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazda kommunikasiyaların açılmasını birlikdə müzakirə edir və birlikdə də qərar qəbul edirlər: 


“Yəni Azərbaycan-Ermənistan normallaşması Türkiyə-Ermənistan arasında da eyni qaydada koordinasiyalı və paralel davam edir.  

Təsadüfi deyil ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı Azərbaycanla Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin bərpa edilməsindən danışıb. Cari ilin mart ayında İstanbul-İrəvan arasında uçuşların başlayacağı xəbərləri də regionda inteqrasiya prosesinin çox sürətlə gedəcəyinin əlaməti sayıla bilər. 

Bir məsələni dəqiq bilməliyik ki, 44 günlük savaş və 1 günlük antiterror əməliyyatı təkcə Qarabağın işğaldan azad edilməsi ilə nəticələnmədi, regionun 200 illik taleyini dəyişdi. Ermənistanı Rusiya və İranın təsir dairəsindən çıxararaq Qərbə doğru istiqamətlənməsini təmin etdi”.

Analitik hesab edir ki, Ermənistanla bütün səviyyələrdə münasibətlərin normallaşdırılması tamamilə təbiidir:

“Bu proses artıq sülh müqaviləsinin 8 avqustda Ağ Evdə paraflanmasından sonra start götürüb. Artıq Azərbaycandan Ermənistana yanacaq göndərilməsi və üçüncü ölkələrdən gələn taxıl məhsullarının məhz ölkəmiz üzərindən Ermənistana ötürülməsi bu anlaşmaların kontekstində baş verir”.  

Qiymət Mahir

tag: Ermənistan,Baş nazir,ABŞ,Cey Di Vens,Paşinyan,Todaypress.tv,