OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...
Təhlil
23.02.2026 17:33
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndəsi ilə mümkün təmas barədə diqqətçəkən açıqlama verib.

Belə ki, nazir fevralın 26-da Cenevrədə ABŞ tərəfini təmsil edən Stiven Uitkoff ilə görüşün baş tuta biləcəyini bildirib.
Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla müəyyən razılaşmalar mümkündür. Onun sözlərinə görə, diplomatik kanallar açıq qalır və siyasi iradə olduğu halda anlaşma əldə oluna bilər.
Digər tərəfdən ABŞ-nin İrana mümkün hücum ehtimalı ilə bağlı xəbərlər də artmaqdadır. Bu halda Əraqçi-Uitkoff görüşü hansısa müsbət nəticə verə bilərmi?
DİPLOMATİK HƏMLƏLƏR
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli diplomatik həmlələrin müsbət nəticələnməsini aşağı ehtimal olaraq dəyərləndirib:

“ABŞ-İran arasında hər keçən gün bir az daha da gərginləşən münasibətlərin kölgəsində Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilən diplomatik görüşlər də davam edir. Rəsmi Vaşinqton İranı vaxt uzatmadan Amerikanın tələbləri ilə razılaşmağa, əks təqdirdə ağır zərbə alacağı ilə hədələyir. İran isə öz növbəsində müharibə istəmədiyini, ancaq bu baş verərsə təslim olmayacağını, döyüşəcəyini bildirir. Belə bir qarşılıqlı söz dueli şəraitində diplomatik həmlələrin müsbət nəticələnmə ehtimalı azdır.
ABŞ-nin dəniz donanmasının və hava qüvvələrinin önəmli bir qismini Fars körfəzi ətrafına cəmləşdirməsi fonunda Maskat və Cenevrədə aparılan danışıqların diplomatik manevrdən, vaxt qazanmaq cəhdindən başqa bir işə yaramadığını aydın görmək olar. Artıq dünyanın aparıcı media və informasiya orqanları etibarlı mənbələrə söykənərək hətta ABŞ ordusunun İrana hansı gün, hansı saatda zərbələr endirə biləcəyini belə qeyd edirlər. Çünki İranın ali dini və siyasi rəhbərliyi Vaşinqtonun tələblərini birbaşa kapitulyasiya kimi qiymətləndirdiyini və bunu qəbul etməyəcəyini bildirir”.

GƏRGİN ATMOSFERDƏ GÖZLƏNTİLƏR
Onun sözlərinə görə, belə gərgin atmosferdə Əraqçi-Uitkoff görüşünün müsbət nəticələnəcəyi ciddi suallar doğurur.
“Müharibənin siyasətin zorakı yollarla davamı olduğu tezisindən çıxış etsək, demək olar ki, tərəflər müharibə siyasətini seçə bilərlər. Lakin bir çox siyasətçi və ekspertlər İrana endirilməsi ehtimal edilən zərbələrin qısa və məhdud olmayacağını, hərbi əməliyyatın tammiqyaslı və həftələrlə davam edəcəyini düşünürlər”, - deyə F.Məhərrəmli fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Fəqani Məhərrəmli,Politoloq,İran,Abbas Əraqçi,Stiven Uitkoff,Todaypress.tv,
