Overçukdan Bakıda “AZAL” açıqlaması - Səmimiyyət bəyanatlarla ölçülmür!

Təhlil

03.03.2026 18:32

Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Prezident İlham Əliyevin qəbulunda bildirib ki, Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaq.



 

Maraqlıdır, Rusiya tərəfi bu açıqlamada səmimidirmi?

 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bu məsələnin həm siyasi, həm də hüquqi baxımdan son dərəcə həssas xarakter daşıdığını deyib:



 

“Ona görə də Rusiyanın bu tip bəyanatlarını qiymətləndirərkən bir neçə mühüm amilə diqqət yetirmək vacibdir. Burada birinci diplomatik kontekstdir. Aleksey Overçuk iqtisadi blokun nümayəndəsidir və Hökumətlərarası Komissiyanın həmsədri kimi əsasən praktiki-texniki məsələlərlə məşğul olur. Onun “kompleks praktik addımlar” ifadəsi adətən istintaqın yekunlaşdırılması, texniki məlumatların mübadiləsi, kompensasiya mexanizmlərinin işlənməsi, sığorta və hüquqi prosedurların icrası kimi məsələləri əhatə edə bilər. Bu tip bəyanatlar, bir qayda olaraq, diplomatik gərginliyin qarşısını almaq və münasibətləri sabit saxlamaq məqsədi daşıyır.

 

İkinci səmimiyyət məsələsinin nədən asılı olmasıdır. Rusiyanın açıqlamasının real niyyət olub-olmadığını müəyyən edən əsas göstəricilər aşağıdakılar olmalıdır:


 1. Rəsmi istintaq materiallarının şəffaf şəkildə paylaşılması.

 2. Texniki məlumatlara (radar göstəriciləri, dispetçer yazışmaları və s.) çıxışın təmin edilməsi.

 3.  Zərərin kompensasiyası ilə bağlı konkret və işlək mexanizmin təqdim olunması.

 4.  Rəsmi məsuliyyətin tanınıb-tanınmaması”.

 

Ekspertin sözlərinə görə, əgər bu istiqamətlər üzrə real və sənədləşdirilmiş addımlar atılarsa, bəyanatın praktik məzmun daşıdığı qənaətinə gəlmək olar. Əks halda, bu daha çox siyasi jest kimi qiymətləndirilə bilər.



 

“Hazırda müşahidə olunan budur ki, Rusiya regionda münasibətləri maksimum dərəcədə sabit saxlamağa çalışır. Azərbaycanla münasibətlərin pozulması Moskva üçün strateji baxımdan sərfəli deyil. Belə ki, Cənubi Qafqazdakı təsir balansı, nəqliyyat və logistika layihələri, enerji və tranzit marşrutları Rusiya üçün prioritet istiqamətlər hesab olunur. Bu baxımdan, Moskvanın məsələni uzatmaqdan daha çox, onu idarə olunan şəkildə bağlamaqda maraqlı olması mümkündür”, - deyə Anar İsayev diqqətə çatdırıb.

 

O əlavə edib ki, hazırkı mərhələdə vəziyyəti tam səmimi və ya qeyri-səmimi kimi qəti şəkildə qiymətləndirmək çətindir. Səmimiyyət bəyanatlarla deyil, konkret və nəticəyönlü addımlarla ölçüləcək.

 

Qiymət Mahir

tag: Aleksey Overçuk,Bakı,Rusiya ,Açıqlama,AZAL,Todaypress.tv,