Neftin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

Təhlil

11.03.2026 18:15

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki gərginlik fonunda qiymət artımlarının qarşısını almaq üçün öz tarixində ən böyük həcmdə neft ehtiyatlarını sərbəst buraxmağı təklif edib. 

BEA-nın strateji ehtiyatlarından bazara 182 milyon bareldən çox neft buraxıla bilər. Bu həcmdə ehtiyat 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra istifadə edilib.

Maraqlıdır, bu, İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) Hörmüz açıqlamaları fonunda təsirli olacaqmı? 

Sözügedən mövzunu Milli Məclisin deputatı Vüqar Bayramov TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Hörmüz boğazının təkrar bağlanması dünya bazarında neftin qiymətinə birbaşa təsir göstərir. Gözlənilir ki, boğazdakı çətinliklər davam etdikcə neftin qiymətində dalğalanmalar müşahidə olunsun.

"Əslində, dünən neftin qiymətində müəyyən azalma müşahidə olunmuşdu. Bu, əsasən Ağ Evin müharibənin tezliklə başa çata biləcəyi ilə bağlı açıqlaması ilə əlaqədar idi. Lakin bu gün qarşıdurmanın yenidən güclənməsi göstərir ki, investorlar arasında müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı ümidlər hələ də yüksək deyil".

Parlamentari diqqətə çatdırıb ki, alternativ addımlardan biri strateji ehtiyatların, o cümlədən ABŞ-nin neft ehtiyatlarının bazara çıxarılmasıdır.

ABŞ müəyyən həcmdə neftin gündəlik olaraq bazara çıxarılmasını müzakirə edir və bu istiqamətdə qərarların qəbul ediləcəyi gözlənilir.

Deputat vurğulayıb ki, dünya neftinin əhəmiyyətli hissəsi bu boğazdan keçir:

"Dünyada istehlak olunan neftin təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə daşınır. Bu baxımdan, əgər müharibə davam edərsə və boğaz bağlı qalarsa, ehtiyatların bazara çıxarılması neftin qiymətindəki artımın qarşısını tam şəkildə ala bilməyəcək".

"Neftin qiymətindəki dəyişikliklər əsasən müharibənin müddətindən və coğrafiyasından, eləcə də Hörmüz boğazı vasitəsilə daşınmalarda yaranan çətinliklərdən asılı olacaq. Bu baxımdan strateji ehtiyatların bazara çıxarılması bazara müəyyən siqnal verə və ciddi dalğalanmaların qarşısını qismən ala bilər. Lakin bu, qiymət sabitliyinin tam təmin olunacağı anlamına gəlmir", - V.Bayramov əlavə edib. 

Qeyd edək ki, SEPAH rəsmiləri Hörmüzlə bağlı ciddi bəyanat yayıblar. İranın iqtisadi maraqları təhlükə altına düşərsə, Hörmüz boğazı və Fars körfəzi vasitəsilə həyata keçirilən enerji daşımalarına ciddi zərbə vurula biləcəyini deyən rəsmilər boğazdan  bir litr neftin belə ixracına imkan verməyəcəklərini bəyan ediblər.  Bu da dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olur.

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Neft,Açıqlama,Todaypress.tv,