Neft, ballistik raketlər və Hörmüz boğazı: ABŞ-nin İran qarşısında ağır şərtləri…

Təhlil

09.02.2026 14:54

İran parlamenti fevralın 9-da ABŞ ilə nüvə proqramı üzrə aparılan danışıqların ilk mərhələsinin aralıq nəticələrini müzakirə etmək məqsədilə iclas keçirəcək. Danışıqlar qapalı formatda həyata keçiriləcək.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, İran parlamentində danışıqların müzakirəsi potensial güzəştləri əks etdirir:


"ABŞ–İran danışıqlarının İran parlamentində müzakirəyə çıxarılması, ölkənin gedə biləcəyi güzəştlərlə bağlıdır. Üzdə verilən bəyanatlar reallığı əks etdirmir; İran yalnız nüvə məsələsini müzakirə edir və zənginləşdirmədən geri çəkilməyəcək iddiaları daxili və bəzi xarici auditoriyaya yönəlib.

Ekspert vurğulayıb ki, İran danışıqlarda bərabərhüquqlu tərəf deyil: 

"İran ABŞ ilə danışıqlarda bərabərhüquqlu tərəf kimi görünmür, çünki Avropa Birliyi SEPAH-ı terror təşkilatı elan edib və ABŞ belə bir dövlətlə bərabər səviyyədə danışa bilməz. Danışıqlarda nüvə ilə yanaşı ballistik raketlər, terrorçu qruplara dəstək, İran nefti və Hörmüz boğazına nəzarət kimi məsələlər də müzakirə olunur".

Onun sözlərinə görə, İran rejimi xalqın gözündə legitimliyini itirib, etirazlara qarşı zorakılıq davam edir və iqtisadi böhran dərinləşib. Köhnə üsullarla idarəetmə artıq mümkün deyil. Sanksiyalar və iqtisadi problemlər həll olunmadıqca, etirazlar davam edəcək.


N.Miri sonda diqqqətə çatdırıb ki, İranın zəngin enerji və faydalı qazıntı resurslarına baxmayaraq, uğursuz idarəetmə və beynəlxalq təcrid ölkəni ağır vəziyyətə salıb:

"Rejim ciddi siyasi islahatlar aparmadan bu böhrandan çıxa bilməz; əks halda ABŞ iqtisadi təzyiqləri gücləndirəcək və İran iqtisadiyyatı çökməyə davam edəcək". 

Jalə Rövşən

TodayPress TV

tag: Natiq Miri,Politoloq,İran,ABŞ,Todaypress.tv,