Naxçıvana hücum nankorluq nümunəsidir – Millət vəkili

Təhlil

05.03.2026 20:10

"Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında İranın dron hücumları terror aktı və təcavüz kimi qiymətləndirilib". 

Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə danışarkən bildirib.  


"İclasda müzakirə olunan əsas məsələ İran İslam Respublikasına məxsus dronların Azərbaycanın mülki obyektlərini hədəfə alması olub. İran dronları Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində zərbə endirib, həmçinin bir məktəbin yaxınlığına dron düşüb".  

Millət vəkili vurğulayıb ki, Azərbaycan indiyə qədər İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb.

E. Nəsirov xatırladıb ki, İranın xarici işlər nazirinin müavininin xahişi ilə Livandan İran diplomatik korpusunun nümayəndələrinin geri qaytarılması üçün Azərbaycan tərəfi yardım edib və onların təyyarə ilə ölkələrinə qayıdışına dəstək verib. 


Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycana qarşı belə addımın atılması nankorluq nümunəsidir.

"Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə cavab tədbirləri hazırlamaq və həyata keçirmək barədə xüsusi təlimat verib. Bununla yanaşı, bütün qoşun növləri yüksək hazırlıq vəziyyətinə gətirilib və hər hansı təcavüz baş verəcəyi təqdirdə dərhal cavab vermək hüququ saxlanılır", - deyə deputat fikrini yekunlaşdırıb.


Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.  Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Ardınca Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda İranın hücumu müzakirə olunub. 

Aysel Mətləb

TodayPress TV

tag: Elman Nəsirov,Naxçıvan,İran,PUA,Hücum,İlham Əliyev,Todaypress.tv,