NATO İrana qarşı MÜHARİBƏYƏ QOŞULUR? - 5-ci maddə...

Təhlil

05.03.2026 13:21

ABŞ-də müharibə nazirinin siyasət üzrə müavini Elbric Kolbi NATO-nun ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirakını istisna etməyib.

Maraqlıdır, NATO müharibəyə qoşula bilərmi? 

Sözügedən məsələni politoloq Sədrəddin Soltan TodayPress TV-yə şərh edib. 


O, bildirib ki, NATO yalnız üzv dövlətlərdən birinin ərazi bütövlüyü pozulduqda və ya alyansın hərbi obyektlərinə hücum edildikdə müharibəyə qoşula bilər. Belə hallarda NATO-nun nizamnaməsinin beşinci maddəsi işə düşür və kollektiv müdafiə mexanizmi tətbiq olunur.

"Hazırkı vəziyyətdə isə NATO-nun ABŞ və İsraillə İran arasında mümkün müharibəyə qoşulması üçün əsas yoxdur və buna ehtiyac da duyulmur. Çünki İran NATO-nun Avropadakı bazalarına hücum etməyib, həmçinin Alyansa üzv olan Avropa ölkələrinin və ya Türkiyənin ərazi bütövlüyünə qarşı hər hansı addım atmayıb", -ekspert bildirib. 

Analitik qeyd edib ki, İran əvvəldən ərazisinə hansı bazadan zərbə endirilərsə, həmin bazanı hədəfə alacağını deyib:  


"Son günlərdə Kiprin yunan hissəsində yerləşən Böyük Britaniyaya məxsus hərbi bazadan İran ərazisinə raket zərbələrinin endirildiyi iddia olunur və İran da həmin bazanı vurub. Lakin bu obyekt NATO-nun deyil, Böyük Britaniyanın milli hərbi bazasıdır. Lakin Türkiyədə yerləşən İncirlik hərbi bazası NATO çərçivəsində istifadə olunan bazalardan biridir və belə bir obyektə hücum olacağı təqdirdə məsələ NATO-nun kollektiv müdafiə mexanizmi çərçivəsində qiymətləndirilə bilər".

İranın Türkiyə ərazisinə atdığı iddia olunan raket zərbəsi məsələsinə diqqət çəkən politoloq bildirib ki, NATO-dan heç bir cavab tədbiri gözlənilmir:  

"Çünki Türkiyə ilə İran bu məsələni diplomatik yollarla həll ediblər. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. Bundan əlavə, İranın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı etiraz bildirilib. İran tərəfi isə bu gün açıqlama verərək bildirib ki, məqsədləri Türkiyəni hədəfə almaq olmayıb". 

S.Soltan sonda əlavə edib ki, hadisə bəzi qüvvələrin Türkiyəni İsrail və ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarına cəlb etmək və ya Ankaranın bu prosesdə iştirakı olduğu təəssüratını yaratmaq cəhdindən başqa bir şey deyil. 

Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,İran,NATO,Todaypress.tv,