Münxen Təhlükəsizlik Konfransında XƏBƏRDARLIQ! Bu ritorika Çinə...
Təhlil
14.02.2026 21:30
Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib ki, Pekinə qarşı kiçik eksklüziv ittifaqların yaradılması və Tayvanı Çindən ayırmaq cəhdləri ölkələr arasında ciddi münaqişəyə səbəb ola bilər.
Bəs Çin və ABŞ arasında münaqişə yenidən alovlana bilərmi?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə danışarkən bildirib ki, Van İnin bəyanatı ABŞ və digər Qərb dövlətlərinə xəbərdarlıq xarakteri daşıyır.

Onun sözlərinə görə, Çin Xarici İşlər Nazirinin Münxen Təhlükəsizlik Konfransında Tayvan məsələsi və regional ittifaqlar kontekstində verdiyi bəyanat özündə ciddi geosiyasi mesajı ehtiva edir. Onun Pekinə qarşı kiçik eksklüziv ittifaqların yaradılması və Tayvanın Çindən ayrılmasına yönələn cəhdlərin ölkələr arasında ciddi münaqişəyə yol aça biləcəyinə dair açıqlaması Pekinin indiyə qədər dəfələrlə səsləndirdiyi rəsmi mövqenin növbəti dəfə bəyan edilməsidir.

"Bu ritorika Çin üçün strateji qırmızı xətləri göstərir və həm daxili auditoriya, həm də beynəlxalq aktorlar üçün xəbərdarlıq funksiyası daşıyır. Tayvan məsələsi Çin üçün yalnız diplomatik prioritet deyil, eyni zamanda milli suverenlik və təhlükəsizlik baxımından yüksək həssaslıq daşıyan məsələdir", - deyə analitik vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-Çin qarşıdurmasının mümkünlüyünü bir neçə müstəvidə qiymətləndirmək olar. İlk növbədə hərbi-strateji baxımdan risklər mövcuddur. ABŞ Tayvana silah satışı və hərbi dəstək siyasətini davam etdirir, Çin isə Tayvan boğazında fəal patrul və hərbi təlimlər həyata keçirir. Bu qarşılıqlı hərbi fəallıq və güc nümayişi regional vəziyyəti gərgin saxlayır. Lakin hər iki tərəfin nüvə silahına malik olması səbəbindən qısa müddətli tammiqyaslı hərbi qarşıdurma ehtimalı aşağı qiymətləndirilir və tərəflər gərginliyi nəzarət olunan səviyyədə saxlamağa üstünlük verir.

R. Bayramov əlavə edib ki, diplomatik və iqtisadi müstəvidə də risklər kifayət qədər yüksəkdir:
"Tayvan ətrafında və eksklüziv ittifaqlarda fəaliyyətin genişlənməsi ABŞ və müttəfiqləri ilə Çin arasında diplomatik təzyiq və sanksiya mexanizmlərinin aktivləşməsinə səbəb ola bilər. Bu isə qlobal ticarət, texnologiya transferi və investisiya axınlarında qeyri-müəyyənlik yarada bilər. Van İnin ritorikası həm də daxili legitimlik mesajı daşıyır və rəhbərliyin xarici təsirlər qarşısında milli maraqları qorumaqda qətiyyətli olduğunu nümayiş etdirir".

Politoloq hesab edir ki, ABŞ-nin Tayvan siyasəti və Çinin bu məsələdə həssaslığı gərginliyin yüksəlməsini qaçılmaz edir. Bununla belə, bu mərhələdə proses daha çox diplomatik və iqtisadi müstəvidə davam edir. Həmçinin hərbi qarşıdurmanın məhdud və nəzarət olunan qalması hər iki tərəf üçün prioritetdir.
Siyasi analitik sonda bildirib ki, Tayvan və kiçik eksklüziv ittifaqlar mövzusunda yanlış hesablamalar və ya provokativ addımlar vəziyyəti daha ciddi qarşıdurmaya çevirə bilər.
Aysel Mətləb
tag: Rəşad Bayramov,Çin,Tayvan,ABŞ,Todaypress.tv,
