Müharibələrin gizli ssenarisi: "Saxta Bayraq" əməliyyatı nədir?

Təhlil

06.05.2026 14:13

Son illərdə siyasi və hərbi hadisələrdə “False Flag” yəni “Saxta Bayraq” əməliyyatları ilə bağlı iddialar getdikcə daha çox eşidilir. 

Bəs bu termin nə deməkdir?

"Saxta Bayraq" əməliyyatı öz əməlini başqa bir tərəfin üstünə atmaq məqsədilə qəsdən planlaşdırılan və icra olunan hərəkətdir. Məqsəd isə bəllidir. İctimai rəyi istədiyi istiqamətə yönəltmək, hərbi müdaxilə üçün bəhanə yaratmaq, daxili repressiyanı haqlı göstərmək və ya rəqibi gözdən salmaqdır.

Termin dənizçilik tarixindən gəlir. Keçmişdə pirat gəmiləri düşməni yaxınlaşdırmaq üçün dost və ya neytral ölkənin bayrağını qaldırar, sonra isə öz əsl bayraqlarını açıb hücuma keçərdilər. Bu gün bu anlayış çox daha geniş məna kəsb edir.

Tarixdə də belə nümunələr az deyil. Məsələn 1931-ci ildə Yapon ordusu öz dəmir yolunu partladaraq (“Mukden insidenti”) bunu Çin millətçilərinin üzərinə atdı və Mançuriyanı işğal etmək üçün əlverişli zəmin yaratdı.

1939-cu ildə isə nasist Almaniyası “Gleiwitz insidenti” zamanı öz əsgərlərini Polşa formasında geyindirərək Alman radio stansiyasına hücum təşkil etdi. Bu hadisə Polşaya qarşı işğalın rəsmi bəhanəsi oldu və İkinci Dünya Müharibəsinin başlanmasına səbəb olan amillərdən biri kimi tarixə düşdü. ABŞ-də də 1960-cı illərdə “Operation Northwoods” adlı plan hazırlanmışdı. Bu plana görə, Kuba əleyhinə saxta terror aktları və hücumlar təşkil olunaraq Kuba günahlandırılacaqdı. Xoşbəxtlikdən, bu plan icra olunmadı.

Müasir dövrdə "Saxta Bayraq" əməliyyatları çox vaxt informasiya müharibəsi vasitəsinə çevrilib. Sosial şəbəkələrdə saxta videolar, dezinformasiya kampaniyaları və ya kiber hücumlar vasitəsilə reallaşdırılır.

Məsələn, Ermənistanda Paşinyana qarşı müxalifət kampaniyası zamanı “Azərbaycan izi” yaradılaraq süni narahatlıq toxumaq cəhdləri olub. Belə hallarda məqsəd ictimaiyyəti qızışdırmaq, rəqibi “xarici agent” damğası vurmaq və ya daxili problemləri kənar qüvvələrin boynuna qoymaqdır.

Ən təhlükəli variantı isə terror aktlarında və müharibə bölgələrində baş verir. Hansı partlayışın kimin əli ilə törədildiyi bəlli olmur, oxlar isə dərhal istənilən tərəfə tuşlanır. Bəzən bu ittihamlar doğru olur, bəzən isə məsələ qaranlıq qalır.

"Saxta Bayraq" əməliyyatlarının ən böyük xüsusiyyəti hadisənin icraçı üçün çox “əlverişli” olmasıdır. Sübutların ya çox tez tapılması, ya da heç vaxt tapılmaması da şübhə doğurur. Bu səbəbdən belə hadisələrə qarşı hər zaman diqqətli olmaq lazımdır.

Türkan İsgəndərli

tag: False Flag,Saxta Bayraq,Əməliyyat,Tarix,Todaypress.tv,