Moskvadan Bakıya qarşı TƏXRİBAT: BU ŞƏXSLƏR də cəlb olunacaqlar
Təhlil
20.02.2026 16:37
Rusiyada Azərbaycana qarşı informasiya kampaniyasının gücləndirilməsi planlaşdırılır.
İddialara əsasən, bu proses təkcə ayrı-ayrı ekspert rəyləri və media yazıları ilə məhdudlaşmayacaq. Həm də ölkə rəhbərliyinə qarşı sistemli informasiya hücumları kimi yeni mərhələyə keçəcək.
Sözügedən məsələni siyasi şərhçi Taleh Əliyev TodayPress TV-yə şərh edib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya savaşı, əslində, 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus “AZAL” təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginlik fonunda yeni mərhələyə qədəm qoymuş hesab oluna bilər.
Ekspert Rusiyadan Azərbaycana qarşı sistemli kampaniyanın mövcudluğu məsələsinə diqqət çəkib:
![]()
"2025-ci il və 2026-cı ilin ilk ayları ərzində müşahidə olunan proseslər göstərir ki, Rusiya tərəfindən həm media qurumları, həm siyasi dairələr, həm ekspert camiəsi, həm də ayrı-ayrı rəsmi şəxslərin açıqlamaları vasitəsilə Azərbaycana qarşı sistemli informasiya kampaniyası aparılır. Bu proses artıq təkcə informasiya savaşı deyil, eyni zamanda hibrid mübarizə elementləri ilə müşayiət olunan fəaliyyət kimi qiymətləndirilə bilər".
Onun qənaətincə, hadisələrin dinamikası onu göstərir ki, son dövrlər Azərbaycana, xüsusilə də ölkə rəhbərliyinə və ali hakimiyyət nümayəndələrinə qarşı qarayaxma kampaniyası və psixoloji təsir elementləri ilə zəngin informasiya hücumları intensivləşib.
"Mövcud tendensiyalar növbəti mərhələdə bu prosesin səngiməsindən daha çox, daha çoxvektorlu və genişmiqyaslı informasiya savaşı formasına keçə biləcəyini deməyə əsas verir", - analitik deyib.
T.Əliyev vurğulayıb ki, Azərbaycan qarayaxma kampaniyasını ifşa etməlidir:
“Əsas məqsəd Azərbaycana qarşı qarayaxma fəaliyyəti həyata keçirən dairələrin ifşa olunması və bu prosesin mahiyyətinin — yəni bir dövlətin digər suveren dövlətə qarşı apardığı sistemli informasiya mübarizəsinin — beynəlxalq ictimaiyyətə çatdırılması olmalıdır”.
Qeyd edək ki, "Minval.az"ın mənbələrə istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində Rusiyada yaşayan tanınmış azərbaycanlı ailələrdən birinin nümayəndəsinin də prosesə cəlb oluna biləcəyi ehtimal olunur.
Jalə Rövşən
tag: Taleh Əliyev,siyasi şərhçi ,Moskva,Bakı,Təxrbat,Todaypress.tv,
