Melkonyan köhnə rəhbərləri "yıxıb-sürüdü" – Xalq dəstəkləməyəcək...
Təhlil
05.03.2026 17:59
Ermənistanlı deputat Qaqik Melkonyan bildirib ki, Robert Köçəryan və Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistan Rusiyadan ciddi şəkildə asılı olub. Melkonyan əlavə edib ki, Ermənistan artıq heç bir dövlətin “quberniyası” olmamalıdır və xalq müxalifətin bu mövqeyini dəstəkləməyəcək.

O, Levon Ter-Petrosyanın “Ermənistanı bu vəziyyətdən çıxarmaq lazımdır” fikri ilə də razı deyil. Onun sözlərinə görə, ölkədə sülh mövcuddur və hökumət düzgün siyasət həyata keçirir.
Politoloq Məhəmməd Əsədullazadə Melkonyanın çıxışını TodayPress TV-yə şərh edib.

O bildirib ki, Ermənistan deputatı Qaqik Melkonyanın Levon Ter-Petrosyan və Robert Köçəryan haqqında səsləndirdiyi fikirlər müəyyən mənada obyektiv xarakter daşıyır.
“Çünki məhz onların hakimiyyəti dövründə Rusiya Ermənistanda böyük təsir gücünə malik idi və Ermənistan faktiki olaraq Rusiyanın forpostu kimi çıxış edirdi. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan müəyyən dərəcədə Rusiyanın forpostu rolundan uzaqlaşmağa başlayıb. Azərbaycanla ikitərəfli əlaqələrin qurulması istiqamətində atılan addımlar de-fakto sülh mühitinin formalaşmasına gətirib çıxarıb. Bu proses həm Ermənistan hakimiyyətini qane edir, həm də cəmiyyət tərəfindən müəyyən dəstək görür”, – deyə politoloq qeyd edib.
Ekspertin sözlərinə görə, əgər Robert Köçəryan və Levon Ter-Petrosyan yenidən hakimiyyətə qayıdarlarsa, Ermənistanın Rusiyadan asılılığının yenidən artması və sülh prosesinin pozulması ehtimalı yarana bilər. O bildirib ki, regionda gərginləşən geosiyasi vəziyyətdən istifadə edərək Köçəryanın Rusiyanın bölgədəki rolunu yenidən gücləndirməyə çalışacağı istisna deyil. Bu isə Ermənistanın yenidən müharibə riskləri ilə üzləşməsinə və sülh prosesinin pozulmasına səbəb ola bilər.

“Bu baxımdan Qaqik Melkonyanın mövqeyi kifayət qədər aydın görünür. O, eyni zamanda Ermənistan müxalifətinin müəyyən dairələrinin dağıdıcı mövqeyini və onların ölkənin müstəqillik kursuna zidd yanaşmalarını da dolayısı ilə göstərmiş olur”, – deyə ekspert əlavə edib.
Jalə Rövşən
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Qaqik Melkonyan,Ermənistan,Todaypress.tv,
