Makronun çaldığı havaya oynayan Ermənistan ritmi tuta biləcəkmi?
Təhlil
06.05.2026 15:13
Fransa Prezidenti Emmanuel Makron Ermənistanda rəsmi səfərdə olarkən İrəvanda fransız mahnısı oxuması diqqət çəkib.
O, xüsusilə Şarl Aznavurun (erməni mənşəli fransız müğənni) məşhur “La Bohème” mahnısını ifa edib, Ermənistanın Baş naziri Nikol Paşinyan isə ona barabanlarda akkompanement edib.
Maraqlıdır, Ermənistanın siyasət "dili" hələ də rusca qalacaq, yoxsa Makronun vəd etdiyi fransızca?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məslələr üzrə ekpert Şəhla Cəlilzadə bildirib ki, siyasətdə yumşaq güc həm də mədəniyyətin gücüdür:

“Bəzən siyasi dillə ifadə edilən sözlər anlamını daha da gücləndirmək, təsirini artırmaq üçün musiqi ilə, şeir ilə çatdırılır. Bu ənənəni son illərdə bölgəmizə gətirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Öncə Vətən müharibəsindəki şanlı qələbəmizin şərəfinə 10 dekabr 2020-ci ildə keçirilən paradda “Arazı ayırdılar” deyərək bütöv Azərbaycan mövzusuna toxundu. 2021-ci ildə Milli Məclisdəki çıxışında isə “Bir ananın iki oğlu” deyərək Türkiyə və Azərbaycan qardaşlığına vurğu etdi. Mədəniyyətə istinad tərəflər arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.
Ekspert Fransanın hər zaman Türkiyə ilə qlobal arenada yarışan dövlət olduğunu vurğulayıb:
“Bu mənada Makronun Ərdoğanın taktikasından faydalanması maraqlıdır. O, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin Zirvəsi çərçivəsində öz şərəfinə verilən naharda Paşinyanla birgə mahnı ifa etdi. Paşinyan, ümumiyyətlə musiqinin siyasətdə, xüsusilə seçki kampaniyasında istifadəsi ilə məşhurdur. Makronun onla birgə ifası həm Fransa-Ermənistan münasibətlərinin bütün müstəvilərdə inkişaf etdiriləcəyinə, həm də Paşinyanın qərbyönümlü siyasətinə dəstəyin təzahürüdür. Makron həm də seçki öncəsi proseslərə yön vermək məqsədilə açıq ifadə etdi ki, seçkilərə xarici (yəni Rusiyadan) müdaxilə yolverilməzdir. Başqa sözlə, 7 iyunda keçiriləcək seçkilərdə Paşinyanın qalib gəlməsi üçün bütün mədəni-siyasi vasitələrdən istifadə olunur”.
Ş.Cəlilzadənin fikrincə, Ermənistanın siyasət dilinin yaxın dövrlərdə avtomatik olaraq fransızcaya keçməsi qeyri-realdır, çünki bütün bunların fonunda Ermənistan Rusiya ilə münasibətlərini balanslı şəkildə qoruyur:
“Lakin Ermənistan siyasətində fransız dilli elitanın qarşıdakı dövrdə daha da çoxalacağını ehtimal etmək olar. Xüsusilə mədəni diplomatiya buna imkan yaradacaq”.
Qiymət Mahir
tag: Şəhla Cəlilzadə,Ekspert,Makron,Ermənistan,Todaypress.tv,
