London Çini ABŞ-yə dəyişir? - Starmerin Pekin səfəri DİQQƏTDƏ
Təhlil
29.01.2026 17:10
“Britaniyanın yeni Baş naziri Kir Starmer Pekinə sabit və təhlükəsiz münasibətləri müzakirə etmək üçün gedib və London Çini ABŞ-yə dəyişməyəcək”.
TodayPress TV xəbər verir ki, bunu Alyans Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.

O bildirib ki, Kir Starmer Pekinə səfəri zamanı təyyarədə verdiyi açıqlamada iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirmək istədiyini bildirib. Əvvəlki açıqlamalarında isə Starmer Çin Xalq Respublikasını Böyük Britaniyanın milli təhlükəsizliyi üçün “real təhdid” adlandırıb və London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid etmişdi. Böyük Britaniya indi Çinlə əməkdaşlıq axtarır:
“Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq niyyətindədir. Hazırda Çin Böyük Britaniyanın əsas 10 ticarət tərəfdaşı arasında deyil, çünki Pekin Londonu Vaşinqtonun “sateliti” kimi qiymətləndirir. Kir Starmerin səfəri Böyük Britaniyada tənqid olunub. Mühafizəkarlar Partiyasının üzvləri Çinin ölkədə xəfiyyə şəbəkəsi qurduğunu və hətta parlamentə nüfuz etdiyini vurğulayaraq səfəri düzgün hesab etməyiblər”.
Ekspert vurğulayıb ki, Starmer Pekində müəyyən məsələləri qaldıracaq:
“Starmer bu ittihamlara cavab olaraq Pekindəki görüşlərdə insan haqları məsələlərinə də diqqət yetirəcəyini bildirib. Misal üçün, Honkonqda həbs olunan media maqnatı Cimmi Layın azad olunması üçün çalışacağını açıqlayıb. Demokratiya tərəfdarı kimi tanınan 78 yaşlı Cimmi Lay Honkonqda milli təhlükəsizlik ittihamları ilə mühakimə olunub”.
E.Şahinoğlu sonda əlavə edib ki, Böyük Britaniya və Çin münasibətləri aydınlaşdırılmalıdır:
“Kir Starmerin bir səfərlə Böyük Britaniya və Çin arasındakı bütün suallara aydınlıq gətirməsi çətin görünür. London Vaşinqtonla münasibətlərdə yaranan suallara rəğmən, Çini ABŞ-yə dəyişməyəcək. Buna baxmayaraq, Starmerin sözlərinə görə, Böyük Britaniya və Çin münasibətlərinə aydınlıq gətirməyə ehtiyac var”.
Jalə Rövşən
tag: Elxan Şahinoğlu,Politoloq,Britaniya,Çin,Todaypress.tv,
