KTMT üzvü NATO ölkəsi ilə “qucaqlaşdı” - Moskva təşvişdə…

Təhlil

27.02.2026 15:59

Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Nikol Paşinyanın Varşavaya səfəri çərçivəsində rəsmiləşdirilib və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü ola-ola, NATO ölkəsi ilə hərbi əməkdaşlıq sazişi imzalaması birmənalı qarşılanmayıb. 

Politoloq Şakir Ağayev mövcud vəziyyəti TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki, Ermənistan məhz 44 günlük müharibədən sonra Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) uzaqlaşıb:   

"Bəli, əvvəllər Ermənistan təhlükəsizlik məsələlərində əsasən KTMT-yə arxalanırdı. Lakin son illərdə rəsmi İrəvan bu istiqamətdə kursunu dəyişərək daha çox Qərbə yönəlməyə çalışır. Ermənistan tərəfi bunu 44 günlük müharibə dövründə Rusiyanın və KTMT-nin ona yetərincə dəstək verməməsi ilə əsaslandırır. Rusiya və KTMT isə bildirirlər ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində aparılıb və təşkilatın müdafiə mexanizmi yalnız üzv dövlətin öz ərazisinə hücum olunduqda işə düşür".


Analitik məhz bundan sonra İrəvanla Moskva arasında münasibətlərdə gərginliyin  artmağa başladığını diqqətə çatdırıb:

"Paşinyan həm müharibədəki məğlubiyyətin məsuliyyətini qismən Rusiyanın və KTMT-nin üzərinə yönəltməyə çalışdı, həm də Qərblə inteqrasiya xəttini gücləndirdi və bu siyasəti hazırda da davam etdirir".


Ekspert eyni zamanda vurğulayıb ki, Paşinyan qarşıdan gələn seçkilərdə yenidən baş nazir postu uğrunda mübarizə aparmaq niyyətindədir: 

"Ermənistanın seçkilər ərəfəsində Avropa Birliyinə müraciət edərək kiber təhlükəsizlik və seçki prosesinin qorunması sahəsində dəstək istəməsi də Qərbə siyasi mesaj kimi qiymətləndirilə bilər. Bununla Paşinyan həm Avropaya sadiqliyini nümayiş etdirir, həm də mümkün beynəlxalq dəstəyə ümid edir".


Politoloq, həmçinin xatırladıb ki, Azərbaycanla sülh sazişi paraflanıb və imzalanma mərhələsindədir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan 44 günlük müharibədə itirdiyi hərbi potensialı bərpa etməyə çalışır və bu məqsədlə Polşa, Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirir:

"Bu addımlar həm təhlükəsizlik ehtiyacları ilə, həm də cəmiyyətə “Avropaya inteqrasiya” kursunun davam etdiyini göstərmək məqsədi ilə izah olunur". 

Ş.Ağayev yekun olaraq bildirib ki, proseslərin necə nəticələnəcəyi Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. 

Jalə Rövşən

tag: Ermənistan ,Polşa ,Əməkdaşlıq ,NATO,KTMT,Şakir Ağayev,Todaypress.tv,