Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil
Təhlil
11.02.2026 18:15
"Moskva Vensin İrəvan və Bakıya səfərlərində təhlükə görmür".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-nin digər ölkələrlə təmaslarından narahatlıqları ilə bağlı suala cavab verərkən deyib. O, qeyd edib ki, bu dövlətlər digər dövlətlərlə qarşılıqlı əlaqədə olmaq hüququna malik suveren dövlətlərdir.
Maraqlıdır, Kreml bu mövqedə səmimidir?
Politoloq Tofiq Abbasov sözügedən məsələni TodayPress TV-yə şərh edib.

Onun sözlərinə görə, bu proseslər beynəlxalq praktikada adi qarşılanan məsələlərdir. Hər bir dövlət suveren siyasət yürüdərkən özü münasibətlərini qurur, öz hədəflərini müəyyən edir və siyasi prioritetlərini önə çıxarır:
"Təbii ki, bu ikitərəfli görüşlər, sonra zirvə toplantıları, sammitlər – hamısı xüsusi formatlarda, protokol qaydalarına uyğun işlənilir. Birinci şəxslər tapşırıqlar verir, işçi qruplar fəaliyyət göstərir. Məsələn, Azərbaycan-Amerika münasibətlərində işçi qrup yaradılmışdı. Hazırda isə strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb, yəni münasibətləri tənzimləyəcək sənəd mövcuddur, buna həm də “yol xəritəsi” demək olar".
Analitik qeyd edib ki, prinsip etibarilə, Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri yeni müstəviyə qədəm qoyur və bu münasibətlərin böyük perspektivi var. Burada Peskov haqlı olaraq bildirir ki, Azərbaycan suveren dövlətdir və suveren qərarını verir.
T.Abbasov vurğulayıb ki, ABŞ Azərbaycanda daim təmsil olunub:

"Digər tərəfdən, bəzi hallarda Rusiya və yerli mətbuatda deyilir ki, “Amerika Cənubi Qafqaza qayıdır”. Əslində Amerika Cənubi Qafqazdan heç vaxt çıxmayıb. Azərbaycanda Amerika investisiyaları işlək vəziyyətdədir və bundan sonra da qalacaq. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”nda Amerika şirkətləri geniş təmsil olunub. Bu prosesi ulu öndər Heydər Əliyev dəstəkləyərək Amerika şirkətlərinə əlverişli şərait yaratmışdı".
Analitik sonda əlavə edib ki, Rusiyada Vensin Qafqaz səfəri tam sakit qarşılanmır, çünki bu region ənənəvi olaraq Rusiyanın təsir dairəsində olub. Lakin geosiyasi reallıqlar dəyişib, dövlətlər öz hədəflərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Buna normal yanaşmaq lazımdır. Peskovun fikri praqmatikdir, istehza ilə deyilmiş fikir deyil. O, beynəlxalq münasibətlərdə geniş təcrübəyə, biliyə və bacarığa malikdir və fikrini məhz bu kontekstdə ifadə edib.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hazırda Bakıda rəsmi səfərdədir.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Kreml,Vens,Todaypress.tv,
