Koştanın Bakı səfərinin ŞİFRƏLƏRİ... — Masada nələr var?

Təhlil

11.03.2026 14:50

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün — martın 11-də Azərbaycana rəsmi səfər edəcək. 


Avropa İttifaqı Şurası tərəfindən yayılan məlumatda bildirilib ki,  səfər çərçivəsində Koşta Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Maraqlıdır, Koştanın Bakı səfərində nələr müzakirə olunacaq?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Yaxın Şərqdə baş verən proseslər fonunda dünya geosiyasətində ciddi dəyişikliklərin baş verəcəyi ehtimalı Avropa İttifaqını öz enerji təhlükəsizliyi məsələsi barədə ciddi şəkildə düşünməyə vadar edir:  


“Enerji daşıyıcılarının təminatında yaranmış problemlər bütün ölkələri narahat edir. Qiymət artımı bir yana, dünya bazarında yaranmış enerji məhsullarının defisiti ciddi problemlər yaradır”.

Analitik Aİ-nin durumunun daha mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, həm Rusiya ilə olan problemlər, həm də ABŞ Prezidenti Donald Trampın Aİ-yə olan münasibəti əlavə çətinliklər yaradır:

“Buna görə də Avropa İttifaqı Azərbaycanla əlaqələrdə, xüsusən də enerji daşıyıcıları məsələsində əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Aİ Şurasının Prezidentinin Azərbaycana rəsmi səfəri də bu məsələlərin həllinə dəstək məqsədi daşıyacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Antonio Koşta,Azərbaycan,Səfər,Todaypress.tv,