Koştanın Bakı səfəri: Avropa İttifaqı “buzları əridir”
Təhlil
12.03.2026 17:42
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərindən sonra ölkəmizin Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaş olduğunu bildirib.
O, Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkənin Aİ ilə münasibətlərinə yeni təkan verilib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev Koştanın səfərini TodayPress TV-yə şərh edib.

Ekspert Avropa İttifaqı və Azərbaycan arasında zaman-zaman gərgin münasibətlərin yaşandığını xatırladıb:
“2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Aİ ilə Azərbaycan arasında təmaslar daha intensiv xarakter almağa başlayıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin, hazırda Avropa Komissiyası prezidentinin müavini olan Kaya Kallasın və digər Aİ rəsmilərinin ayrı-ayrılıqda Azərbaycana səfərləri və bu səfərlərin nəticələrini müsbət dəyərləndirmələri Aİ-nin strateji maraqlarından qaynaqlanır”.
Analitik Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakı səfərini son illər formalaşan siyasətin davamı kimi qiymətləndirir:
“Rusiya-Ukrayna müharibəsindən sonra Aİ daxilində enerji daşıyıcıları sahəsində ciddi problemlərin yaşanmasının İran müharibəsindən sonra daha da artacağı proqnozları var. Azərbaycan bu problemin bir hissəsinin həll olunmasında vacib ölkələrdən biri kimi dəyərləndirilir. Eyni zamanda Cənubi Qafqaz ölkələrinə Qərbin xüsusi marağının olması və Azərbaycanın bu ölkələr içində əsas mərkəz kimi qəbul olunması işartıları da qabarıq görünür. O səbəbdən Koştanın münasibətlərə yeni təkan verilməsi ilə bağlı fikirləri yaxın gələcək üçün Aİ və Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq sahəsində yeni səhifənin açılacağı kimi qəbul olunur”.
Qiymət Mahir
tag: Elşən Mustafayev,Ekspert,Antonio Koşta,Azərbaycan,Səfər,Todaypress.tv,
